“Hazırlıq yaxşı gedir, yeni mövsümə hazırlaşmaq üçün səylə çalışırıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin futbolçusu Kilan Lebon komandasının hazırlığı haqda danışarkən deyib.
“Ağ-qaralar” iyunun 21-də Bakıda təlim-məşq toplanışına start versə də, komanda faktiki baş məşqçisiz qalıb.
Bakılılar Rusiyada təşkil olunacaq “Matç TV kuboku”nda iştirak edəcək. Lakin Laurentsiu Regekampfın gedişindən sonra kollektivə seleksiyaçı-məşqçilər İqor Getmanla Vadar Nuriyev nəzarət edir.
Lebon mövcud durumdan narahatlığını gizlətməsə də, bunu futbolda yaşanan hadisərlərdən biri kimi dəyərləndirib:
“Şübhəsiz ki, yeni baş məşqçinin olmaması bizim üçün asan deyil. Çünki indiki hazırlıq mərhələsi bizə yeni oyunçularla yeni taktikalar üzərində işləməyə və bir-birimizi daha yaxşı tanımağa kömək etməli idi.
Nə etməli, futboldur, belə hallar olur. Diqqətli olmalı, yeni baş məşqçi və yeni transferlər olana qədər növbəti mövsümə indiki şəraitdə hazırlaşmalıyıq.
İstənilən halda komandada ab-hava yaxşıdır. Ötən mövsümdə yaşananları unudub, qarşıdan gələn oyunlara və turnirlərə səylə hazırlaşırıq”.
Bu ilin əvvəlində “Neftçi”ylə 2024-cü ilin yayına qədər müqavilə bağlayan 25 yaşlı vinger ağ-qara formada meydana çıxdığı 17 matçda 4 qol vurub, 3 assistlə yadda qalıb.
HƏBİB

