Növbəti mövsümün çalışmalarına Bakıda start verən “Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Rusiyaya yola düşüb.
“Ağ-qaralar” iyunun 28-dən 29-na keçən gecə ölkəni tərk edib.
Sabkt-Peterburqda təşkil olunan “Matç TV kuboku”nda iştirak etmək üçün sözügedən ölkəyə yola düşən komandanın səfəri haqda klubun sosial media səhifələrində elan yerləşdirilib.
“Neftçi” fanatları Rusiyaya yola düşən komandaya “Fənərbağça”, “Zenit” və “Srvena Zvezda”, eləcə də, “Spartak”la yoldaşlıq görüşlərində uğur arzulamaq əvəzinə, şərhlərdə narahatlıqlarını göstəriblər.
Fanatları ən çox narahat edən komandanın beynəlxalq yarışa baş məşqçisiz yollanmasıdır:
“Belə başa düşdüm ki, bu il də Avropanı qurban verdilər. Əsas fikir çempionatadır”.
“Nə işə düşmüşük, vallah. Sponsorun dünyaca məşhur şirkət SOCAR ola, özün baş məşqçisiz gedəsən toplanışa. Heyf səndən, “Neftçi”m”.
“Avrokuboklar başlayır, bunlar hələ də yatıblar”.
“Məşqçi yox, kapitan yox. Bunlar nə oyun oynayacaqlar turnirdə? “Neftçi”ni bu günə salanlar, Allah bacarsın sizinlə”.
“Avrokuboklara hazırlaşan “Neftçi”miz turnirə baş məşqçisiz gedir. Dünyanın heç bir ölkəsində peşəkar klubda belə şey ola bilməz. Biabırçılıqdır, vallah. Allah özü kömək olsun!”.
“Bu nədir? Emin yox, yeni transferlər yox, baş məşqçi yox. Hətta transferlər olsa belə, bunlar nə vaxt və necə adaptasiya olacaqlar?”
“Bu heyətlə qalın Bakıda, “Kəpəz”lə, “Səbail”lə oynayarsız”.
“Ağ-qaralar” iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək.
“Neftçi” turnir çərçivəsində iyulun 1-də saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30-da Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.
“Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək.
Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Bakılılar iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
HƏBİB / SPORTİNFO.AZ

