“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq “Matç TV” turnirinə 23 futbolçu ilə yollanandığını ictimaiyyətə açıqladı
Klubun rəsmi saytının məlumatında bakılıların təlim-məşq toplanışının ikinci mərhələsi üçün dünən gecə saat 12-də çarter reysi ilə Sankt-Peterburqa yola düşdüyü bildirildi.
Saytımızın Hava Limanında olan əməkdaşı klub rəsmilərinin yalanını aşkarlayıb.
Belə ki, açıqlanan “23-lük”də olmayan yeni sima Hava Limanında diqqətimizi çəkib. Söhbət “Qarabağ”dan ayrılan Filip Ozobiçdən gedir.
Hətta gizlilik üçün bütün komanda yoldaşları "Neftçi" formasında olduğu halda, Filip fərqli geyimdə yolçular arasında yer alıb.
Əslində saytımız bir müddət əvvəldən xorvatiyalının bakılılarla müqavilə bağladığını yazır, lakin klub tərəfindən onun rəsmi təqdimatı hələ də olunmayıb.
Futbolçu ölkə xaricində baş tutacaq toplanışa aparılırsa, deməli, ortada tərəflər arasında bağlanan rəsmi “nikah” var.
Belədə yarımmüdafiəçinin transferinin gizlədilməsi bir ayıb, Rusiyaya aparıldığını deməmək iki ayıb.
Görünür, yeni baş məşqçi təyinatına kimi yeni transferlər gizli saxlanmağa davam edəcək. Yəqin ki, bu da gələcək çalışdırıcının kimlərdənsə imtina etmək ehtimalından irəli gəlir.
Maraq üçün bildirək ki, “Neftçi” iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək.
Komanda iyulun 1-də Rusiyanın “Zenit” (20:30), 8-də Serbiyanın “Srvena Zvezda” (20:30), 15-də isə Türkiyənin “Fənərbağça” (15:00) klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtı Moskvaya yollanaraq yerli “Spartak”la yoldaşlıq oyunu keçirəcək.
Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
2023/2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

