Laurentsiu Regekampfla əl sıxıb vidalaşan “Neftçi” rəhbərliyi yeni çalışdırıcı ilə anlaşmaqda çətinlik çəkir.
Hədəfdə Türkiyənin ünlü simalarından Sərgən Yalçın olsa da, tərəflərin maddi planda razılaşa bilməməsi imza gününü gecikdirir.
Türkiyə futbolunun qalmaqallı futbol adamlarından sayılan Yalçının “Neftçi”ni çalışdırması ilə bağlı xəbər Azərbaycanda gündəm olub. Elə qardaş ölkədə də.
Son 2-3 gündə Türkiyədə sosial şəbəkələrində Sərgən bəyin məşqçilik karyerasını Azərbaycanda davam etdirməsinin mümkünlüyü ilə bağlı xəbər geniş müzakirələrə yol açıb.
Təbii ki, münasibət birmənalı deyil. “Neftçi” variantına görə sabiq “10 nömrə”yə uğurlar arzulayanlar tapılsa da, əksəriyyət xarakterinə görə ona nifrətini gizlətmir.
Türkiyədə bu çalışdırıcıya olan münasibəti gördükcə “Neftçi”nin gələcək halına acımamaq olmur:
“Müftə pul tapdın, Sərgən?”
“Hoca, halal olsun sənə. Pulunu yığ, 1 ilə qayıt”.
“İnşallah, bir ay sonra “sıxıldım” deyib üstümüzə qayıtmaz”.
“Neftçi” 2 illik müqavilə bağlayar, bu adam at yarışlarına görə 2 günə Türkiyəyə qayıdar”.
“Bakıdan qayıdıb İstanbulda “Fənərbağça” ilə anlaşsa, təəccüblənmərəm”.
“Ah, qurtulduq”.
“Aha, hocamızın pulu qurtarıb deyəsən”.
“2 illik anlaşacaq? Nə oldu, bəs, deyirdi mən getdiyim yerdə ancaq 1 illik sözləşmə imzalayıram”.
“Get Azərbaycana, “Fənərbağça”ya gəlmə”.
HƏBİB / SPORTİNFO.AZ

