“Neftçi” iyunun 21-dən növbəti mövsümün hazırlıqlarına start verib.
Komandada faktiki baş məşqçisiz qalsa da, futbolçular məşqlərdən qalmır.
Klubun sosial media səhifələrində hər gün hazırlıqdan çəkilmiş şəkillər yerləşdirilir. Komandanın əksər futbolçuları məşqlərdə tər tökür. Lakin 4 vacib fiqurun yoxluğu diqqət çəkməyə bilməz.
Bunlar Voislav Stankoviç, Salomon Kvirkveliya, Ata Caber və Kenni Sayefdir.
Adları çəkilən legionerlərin heç biri hələ də məşqlərdə iştirak etmir.
Yaranmış suala aydınlıq gətirmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi aradıq.
Məlum oldu ki, Stankoviçin müqaviləsinin müddəti başa çatdığı və ağ-qara formadakı gələcəyi ilə bağlı məsələyə aydınlıq gəlmədiyi üçün hazırlıq prosesinə qatılmayıb.
Kenni Sayefin anasının səhhətində problem yarandığına görə, bir neçə günlük icazə alıb. İsrailli futbolçu bu gün, uzağı sabah düşərgəyə qoşulmalıdır.
Caberlə Kvirkveliya isə müvafiq olaraq İordaniya və Gürcüstan millilərinin toplanışında iştirak etdiyi üçün bir neçə günlük icazəlidir.
Bir neçə gün Bakıda hazırlıq keçəcək “ağ-qaralar” iyunun son günlərində Rusiyaya yola düşüb, “Matç TV kuboku”nda iştirak edəcək.
HƏBİB / SPORTİNFO.AZ

