Emin Mahmudovdan “Neftçi” rəsmilərinə ŞƏKİLLİ MESAJ

24 İyun 2023 20:00 Neftçi 7 619
Emin Mahmudovdan “Neftçi” rəsmilərinə ŞƏKİLLİ MESAJ

“Neftçi” rəhbərliyi çıxılmaz vəziyyətdədir.

Laurentsiu Regekampfı baş məşqçi postundan göndərən klubdakı əsas söz sahibləri namizədlərin heç biri ilə anlaşa bilmir. Əcnəbi məşqçilərin çox pul istəməsi sözləşmənin rəsmiləşməsinə mane olur.

Dərd bununla bitmir.

Kapitan Emin Mahmudovun işi də dolaşığa düşüb. “Neftçi”də əvvəlki qazancından qat-qat artıq məvacib tələb edən Azərbaycan millisinin üzvü hələ ki, istədiyi cavabı almayıb.

Mahmudovun əcnəbi klublardan təklif alması, karyerasını Koreyada davam etdirəcəyi real görünsə də, deyəsən, ürəyi “Neftçi”dədir.

Belə olmasaydı, millinin Estoniya ilə oyunundan sonra istirahət üçün valideynlərinin yaşadığı Rusiyaya gedər, yorğunluğunu çıxarardı.

Ancaq Emin nə edir?

Azərbaycanda oturub, “Neftçi”dən xoş xəbər gözləyir. Rəhbərliyin bir zənginə özünü bazaya çatdırıb, sənədə imzasını atacaq.

Mahmudovun bir neçə gün əvvəl Regekampfla “Port Baku”dakı “The House” kafesində görüntülənməsi, ardınca istirahət üçün Qusara yollanması bunun sübutudur.

31 yaşlı yarımmüdafiəçinin sosial şəbəkə hesabında Qusardakı istirahətdən şəkil paylaşması da “Neftçi” rəsmilərinə “yaxındayam” mesajını çatdırmaqdır.

2017-ci ilin sentyabrından ağ-qara formanı geyinən Mahmudov meydana çıxdığı 191 oyunda 50 qol vurub, bir o qədər də məsuldar ötürmə müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti