Çoxdan gözlənilən ayrılıq reallaşdı.
“Neftçi” rəhbərliyi Premyer Liqanı üçüncü pillədə başa vurub, ölkə kubokunun finalında “Qəbələ”yə uduzan komandanın baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırmağı qərara aldı.
Halbuki, rumın çalışdırıcı çempionatın gedişində israrla “Neftçi”də qalacağını deyir, saytımıza müsahibəsində klubun gələcək üçün böyük planı üçün əsas simalardan biri olacağını söyləmişdi.
Regenin “ağ-qaralar”ı tərk etməsi azarkeşlər üçün əsl bayrama çevrilib. Futbolsevərlər rəhbərliyin rumını yola salmasını vacib addım kimi qəbul edərək, növbəti istefaların yaşanacağına ümid edir.
Klubun sosial media səhifələrində yazılmış şərhlərin bir qismini təqdim edirik:
“40-dan çox oyunda şərait yaratdılar, 1 dəfə də olsun gözəl taktiki oyun, düşünülmüş hücum, komplektləşmiş heyət görmədik. Bu adam məsuliyyətsiz, qürursuz, mənliksiz biridir. Rədd olması doğru qərardır”.
“Bütün “Neftçi”sevərləri təbrik edirəm. İnşallah, ardı gəlsin. Kamran və digərləri də yola salınmalıdır”.
“O gün olsun Kamran və komandasıyla bağlı belə bir xəbər alaq”.
“Sizi şad xəbər olasız”.
“Canımız qurtardı bundan”.
“Bu, əla xəbər oldu. Qaldı bəzilərinin də getməsi”.
“Bir mikrobdan canımız qurtardı, qaldı digərləri. İnşallah, onlardan da canımız qurtarar”.
“Gələcək karyerasında uğurlar. İnşallah, bir də heç vaxt yolu “Neftçi” ilə kəsişməz”.
“Mənə görə, bu, “Neftçi” tarixinin ən yarıtmaz məşqçisi idi”.
“Nəhayət ki, açıqlandı. İndi isə Sərgən Yalçını gözləyirik”.
Ötən ilin iyununda “Neftçi”yə baş məşqçi təyin olunan Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda meydana çıxdığı 45 oyunda 25 qələbə qazanıb, 8 heç-heçə edib, 12 matçda məğlub olub.
HƏBİB / SPORTİNFO.AZ

