İki gün öncə Rumıniyadan Azərbaycana qayıdan Laurentsiu Regekampf bu gün “Neftçi” rəhbərliyi ilə görüşəcək.
Bilindiyi kimi, o, dünən Müşahidə Şurasının qərarı ilə iş yerindən uzaqlaşdırılıb.
Regeylə yanaşı, köməkçiləri - Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə xitam verilib.
Tərəflərin bu gün keçiriləcək görüşü təzminatla bağlıdır. Rumıniyanın digisport.ro saytının yazdığına görə, Regekampf klubdan 150 min avro kompensasiya tələb edir.
Bizdə olan məlumata görə isə bakılılar ona maksimum 100 min dollar ödəmək fikrindədir.
2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub.
“Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü qələbə, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.
SPORTİNFO.AZ

