Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Neftçi” yeni eraya qədəm qoyur.
Klub rəhbərliyi, məşqçi və futbolçu heyətindəki qlobal dəyişikliklər haqda ən qısa zamanda məlumat veriləcək.
“Ağ-qaralar” artıq güclənmə fəaliyyətinə start verib ki, karyerasını “Neftçi”də davam etdirəcək futbolçuların başında Miha Blajiç dayanır.
30 yaşlı stopperlə 2 illik müqavilə müddəti razılaşdırılıb.
Bu, Blajiçin Bakıya ilk səfəri olmayacaq. Heç “Neftçi”ylə ilk tanışlığı da deyil.
Fransa Liqa-1 təmsilçisi “Anje”dən dəvət olunan Sloveniya millisinin üzvü 9 il əvvəl Bakıya gəlib və “ağ-qaralar”a doğma olan “Bakcell Arena”ya ayaq basıb.
2014-cü ilin iyulunda “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsində “Koper”lə qarşılaşanda Miha Blajiç Sloveniya təmsilçisinin sıralarında olub.
Həmin vaxt 21 yaşlı olan futbolçu Bakıdakı dueldə start heyətində meydana çıxıb və komandasının 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada 90 dəqiqə mübarizə aparıb.
Bir həftə sonra Koperdə keçirilən cavab görüşündə Blajiç yenə ilk “11-lik”də yer alıb. Lakin “Neftçi”nin 1:0 hesabı ilə önə keçməsi baş məşqçini taktiki dəyişiklik etməyə məcbur edib ki, Rodolfo Vanoli Mihanı 63-cü dəqiqədə Puçko ilə əvəzləyib.
Nəticədə 2:0 hesabı ilə qalib gələn təmsilçimiz mərhələni adlayan tərəf olub.
HƏBİB / SPORTİNFO.AZ

