“Neftçi”nin futbol akademiyasına rəhbərlik edən Elşad Əhmədov haqda maraqlı və şok iddia irəli sürülüb.
Təcrübəli mütəxəssisin aşağı yaş qruplarından ibarət komandalarda çalışan məşqçiləri aşağıladığı, onlardan birinə yumruq atdığı deyilir.
Daha doğrusu, bu haqda məlumatı Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının şərəfini qorumuş Mikayıl Namazov “feysbuk” hesabında yazıb:
“Neftçi”nin akademiyasının kordinatoru Elşad Əhmədovun etdiyi hərəkətləri çox jurnalistlər işıqlandırsa da, xeyri olmayıb.
Demək olar ki, bir çox yaş qruplarının məşqçilərinə qarşı etdiyi hərəkətlər biabırçılıqdır. Son hərəkəti isə U-13 komandasında köməkçi-məşqçi kimi çalışan Məhəmmədə qarşı edib.
Belə ki, məşqdə “sən 40 metr məsafəni qaça bilmərsən” deyərək qızışdırıb, Məhəmməd də məcbur olub qaçıb. Məhəmməd 40 metr məsafəni qaçanda saniyəölçəni vurmayıb ki, yenidən qaçırtsın, bununla da onu ələ salsın, hamının yanında gülünc vəziyyətdə qoysun.
Belə də olub.
Sonda Məhəmməd gülünc vəziyyətə düşüb, heç kimin üzünə baxa bilmədiyi üçün komandadan çıxıb.
Bu, Elşad Əhmədovun etdiyi neçənci belə hərəkətdir. Bir ay öncə digər məşqçi Rəşad Hüseynovu yumruqla vurub, “burada lotu mənəm” demişdi. Rəşad isə perspektivli məşqçi olmasına baxmayaraq, onu yola vermişdi.
Elşad Əhmədov, çox güman, “vorovskoy” həyat yaşadığı üçün hamını döyür, söyür. Heç kim də bununla bağlı ölçü götürmür.
Elşad Əhmədov gələndən aşağı yaş komandalarında qızıl medal yoxdur. Şəxsən ölkə başçısına da olsa yazıb xahiş edəcəm ki, bu lotuya ölçü götürülsün”.
52 yaşlı Elşad Əhmədov futbolçu kimi uzun illər “Qarabağ”ın formasını geyinib. Məşqçiliyə başlayandan sonra “Qarabağ”, “MKT-Araz”, “İnter”, “Xəzər”, “Sabah” kimi klublarda fəaliyyət göstərib.
Futbolçu karyerasını 2010-cu ildə, 27 yaşında başa vuran Mikayıl Namazov “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Masallı” və “Qəbələ”nin şərəfini qoruyub.
HƏBİB / SPORTİNFO.AZ

