Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin “Neftçi”də əsas söz sahibinə çevrilməsindən sonra klubda islahatların aparılacağı sirr deyil.
Ölkənin neft sektoruna cavabdehlik daşıyan şəxs “Neftçi”yə xüsusi diqqət ayırmaqla yanaşı, “ağ-qaralar”ı diqqət mərkəzində saxlamaqda israrlıdır.
Bunu görmək üçün Rövşən bəyin sosial media səhifəsinə nəzər yetirmək kifayətdir.
Bir neçə gün öncə “Neftçi”nin qadınlardan ibarət basketbol komandasının dünya qadın seriyasının Şuşa mərhələsində qalib olmuşdu. Həmin vaxt təhsil naziri, həm də “Neftçi”də Müşahidə Şurasının üzvü olan Emin Əmrullayev “feysbuk” hesabında qalib qızların şəklini yerləşdirib, təbrik sözlərini yazmışdı:
“Neftçi”yə zəfər yaraşır!
Şuşaya zəfər yaraşır!
Azərbaycana zəfər yaraşır!
Doğma “Neftçi”ni əziz Şuşada qələbə münasibəti ilə təbrik edirəm”.
Rövşən bəy Əmrullayevin məlum paylaşımını görən kimi həmin postu işarələyərək ona təşəkkürünü bildirib:
“Hörmətli Emin müəllim, anlamlı və gözəl təbrikiniz üçün təşəkkür edirəm. “Neftçi”yə qələbə, Azərbaycana zəfər yaraşır”.
Çingiz Abdullayevin “Neftçi”nin Müşahidə Şurasının sədri postundan ayrılmasından sonra məlum postu Rövşən Nəcəf daşıyır. Hazırda klubda baş verən bütün proseslər SOCAR-ın rəhbərinin nəzarətindədir.
HƏBİB / SPORTİNFO.AZ

