"Neftçi" bu gün: Namizəd gəldi, əsas adamın özü hələ yoldadır…

20 İyun 2023 16:00 Neftçi 1 710
"Neftçi" bu gün: Namizəd gəldi, əsas adamın özü hələ yoldadır…

"Neftçi"də maraqlı gündəm yaranıb.

Ötən mövsümü titulsuz bitirən paytaxt təmsilçisi Sərgən Yalçını hazırda Bakıda qonaq edir.

Adı «Fənərbağça» ilə hallanan çalışdırıcı «ağ-qaralar»la danışıqları yekunlaşdırmaq üçün ölkəmizdə səfərdədir.

Son olaraq Türkiyədə «Beşiktaş»ın sükanı arxasında dayanmış mütəxəssis gün ərzində SOCAR-ın və klubun təmsilçiləri ilə görüşəcək, gələcək əməkdaşlığın detallarını müzakirə edəcək.

«Neftçi» Sərgən Yalçının Bakıda olduğu bu dəqiqələrdə daha bir təyyarənin Hava Limanına enməsini gözləyir.

Ötən ilin iyunundan baş məşqçi vəzifəsini tutan və istirahət üçün vətəninə yollanan Lorentsiu Regekampfı Rumıniyadan gətirən təyyarə bir qədər sonra bura enəcək.

"Ağ-qaralar" təlim-məşq toplanışının birinci mərhələsini iyunun 21-dən 28-dək Bakıda keçəcək. Fiziki hazırlığa həsr olunacaq bu mərhələnin ilk 3 günündə futbolçular tibbi baxışdan keçəndən sonra məşqə qoşulacaqlar.

Komanda yeni mövsümün hazırlığına kimin başçılığı altında start verəcək - Regekampfın, yoxsa Yalçının? Güman ki, qısa zamanda, yaxın 1-2, uzağı, 3 gün ərzində bu sualın cavabı tapılacaq.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 19-dək Rusiyada reallaşacaq. Flaqman iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək.

“Neftçi” turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.

“Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtı Moskvaya yollanaraq "Spartak"la yoldaşlıq oyunu keçirəcək.

Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

“Neftçi” yeni mövsümdə Konfrans Liqasında iştirak edəcək. Komanda qitəmiqyaslı yarışa II təsnifat mərhələsindən qoşulacaq.

Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. Rəqibin adına isə iyunun 21-də təşkil olunacaq püşkatma mərasimində aydınlıq gələcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti