“Neftçi” iyulun 1-dən 15-dək Rusiyada təşkil olunacaq “Matç TV kuboku”nda iştirak edəcək.
Bu barədə geniş məlumat klubun sosial media səhifələrində öz əksini tapıb.
Məlumat üçün poster yerləşdirilib ki, şəkildə dörd futbolçunun fotosu yer alıb: İvan Brkiç, Eddi İsrafilov, Kenni Sayef və Kilan Lebon.
Paylaşımla tanış olan izləyicilərdən bir qismini maraqlandıran sual şəkildə komandanın kapitanı Emin Mahmudovun yer almamasıdır.
Böyük əksəriyyət Eminin komandadan ayrıldığına görə dörd nəfərin arasında yer almadığını iddia edib.
Düzdür, Mahmudovun “Neftçi”də qalacağı inandırıcı görünmür. Millimizin də şərəfini qoruyan futbolçuyla Koreyanın “Jeonbuk Hyundai Motors” klubu yaxından maraqlanır. Çox güman, həmyerlimiz Asiya təmsilçisi ilə anlaşacaq.
“Neftçi”nin Mahmudovun şəklini posterə yerləşdirməməsinin əsl səbəbi isə futbolçunun klubla müqaviləsinin başa çatmasıdır. Yəni, Emin faktiki “ağ-qaralar”a məxsus deyil, sərbəst oyunçudur.
Kapitanın bakılılara “hə” cavabı verməməsi klub rəsmilərini ehtiyatlı davranmağa məcbur edir. Onlar Emin Mahmudovun Rusiyadakı turnirdə iştirak etməmək ehtimalının yüksək olduğunu anlayır.
31 yaşlı yarımmüdafiəçi yaxın günlərdə seçimini edəcək.
HƏBİB / SPORTİNFO.AZ

