“Neftçi” Emin Mahmudovdan hələ əlini üzməyib.
Tərəflər arasında danışıqlar bu gün də davam edir.
Bu barədə Sportinfo.az-a paytaxt klubundan bildirilib.
Redaksiyamıza verilən məlumata görə, yarımmüdafiəçi onlara son sözünü deməyib. “Ağ-qaralar” ümidlidir ki, komandanın lideri yeni şərtlərlə razılaşacaq və 3 illik müqaviləyə qol çəkəcək.
Bakılılar yarımmüdafiəçiyə son olaraq 400 min dollar təklif edib. Bu, kontraktın yalnız əməkhaqqı hissəsidir.
Paytaxt təmsilçisi qarşıdakı avrokuboklar sezonunda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanarsa, hömçinin ölkədaxili turnirlərdə titul əldə eləyərsə, ona böyük miqdarda bonus ödəniləcək.
Millinin də formasını geyinən orta sahə oyunçusu illik ödəmənin yarım milyon dollar qaldırılmasını istəyib və bu rəqəmdən 1 sent də aşağı düşməyəcəyini qarşı tərəfə söyləyib..
31 yaşlı Mahmudov, böyük ehtimalla, Cənubi Koreyaya yollanacaq. Sözügedən ölkənin yüksək dəstəsində mübarizə aparan “Jeonbuk Hyundai Motors” onun xədmətində maraqlıdır.
Bu barədə məlumat dünyanın aparıcı saytlarından olan “transfermarkt”də də əksini tapıb.
Eminin ötən mövsümü ikinci pillədə başa vuran klubla hansı müddətə və hansı məbləğə razılaşması haqda bilgi yoxdur.
2017-ci ildən “Neftçi”nin formasını geyinən Mahmudov başa çatan mövsümdə Premyer Liqada meydana çıxdığı 36 oyunda 17 qol vurub, 9 assist edib.

