“Azərbaycan futbolunu diqqətdə saxlayıram.
”Neftçi” mövsümü üçüncü pillədə başa vurdu, kubokun finalında uduzdu”.
“Ağ-qaralar”ın sabiq futbolçusu, hazırda ölkəsi Makedoniyada məşqçilik edən Slavço Georgiyevski Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hazırkı durumu haqda danışıb.
43 yaşlı mütəxəssis paytaxt təmsilçisinin düşdüyü vəziyyətə görə narahatdır. O, sabiq komandasının ili titulsuz başa vurması ilə barışa bilmir, mövsümü bakılılar üçün faciə hesab edir:
“Bu cür nəticələr “Neftçi”nin adına utancvericidir, ayıbdır. Başa düşürəm, “Qarabağ”ın oturuşmuş heyəti var, böyük təcrübəyə sahibdir.
Ancaq arada bu qədər xal fərqinin olması qəbulolunmazdır (Premyer Liqanın yekununa əsasən “Neftçi” “Qarabağ”dan 22 xal geri qalıb – H.).
Ölkə kuboku “Neftçi” üçün sonuncu şans idi ki, bundan da yararlana bilmədilər.
Həmişə demişəm, yenə təkrar edirəm, "Neftçi” çempion ola bilmirsə, ən pis halda ölkə kubokunu qazanmalıdır.
O cür imkanlarla məhdud büdcəyə malik “Qəbələ”yə məğlub olmağın heç bir izahı yoxdur, ola da bilməz.
Bu, “Neftçi” adına biabırçılıq, rüsvayçılıqdır. Heyf azarkeşlərin çəkdiyi əziyyətdən. Ümid edirəm ki, bir daha təkrarlanmaz”.
Hazırda “Skopye”nin baş məşqçisi olan Slavço Georgiyevski 2010-2012-ci illər arasında 71 oyunda “ağ-qaralar”ın şərəfini qorumaqla 5 qola imza atıb, 2 dəfə Azərbaycan çempionu olub.
HƏBİB

