“Neftçi”də ötən ilin iyununda yaşanan prosesin eynisi baş verməkdədir.
Ötən yayın bu vaxtında Samir Abasovla müqavilə yenilənməmişdi, yeni baş məşqçinin təyinatı uzanırdı.
İndi isə “ağ-qaralar”ın mövsümü titulsuz başa vurması komandanın gələcək planlarında yubanmaya səbəb olub.
“Neftçi”nin hazırlığa hansı tarixdə başlayacağı, Avstriya toplanışına gedib-getməyəcəyi, Sankt-Peterburqdakı turnirdə iştirak edib-etməyəcəyi, sözləşmə müddəti başa çatan futbolçuların aqibəti – qeyd olunan məsələlərin heç biri həllini tapmayıb.
Vaxt sürətlə gedir, azarkeşlərin səbri daralır, klubdakı qeyri-müəyyənlik isə davam edir.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında məlum mövzuyla bağlı danışıb:
“Açığı, özümüz də gözləyirik. İşimizdəyik, davam edirik. Lakin hələ ki, qeyri-müəyyənlikdir.
Dediyiniz məsələlərin heç biri rəsmi təsdiqini tapmayıb. Bu üzdən ictimaiyyətə dəqiq məlumat verə bilmirik.
Yəqin ki, ən qısa müddətdə toplanışla bağlı qərar qəbul olunar. Yenilik olan kimi bu barədə sosial media səhifələrimiz vasitəsi ilə məlumat verəcəyik”.
“Neftçi”nin mövsümü uğursuz başa vurması klubdakı əsas söz sahiblərini düşünməyə vadar edib. Klubda və komandada dəyişikliklər qaçılmazdır. Gecikmə də məhz buna görədir.
HƏBİB

