"Neftçi”də hamı gizləndi, bir nəfər üzə çıxdı, üzr istədi

7 İyun 2023 20:00 Neftçi 1 919
"Neftçi”də hamı gizləndi, bir nəfər üzə çıxdı, üzr istədi

“Neftçi” ölkə kubokunun finalında “Qəbələ”yə boyun əydi.

Matça əlavə olunmuş 30 dəqiqədə qapısında top görərək titul qazanmaq şansını əldən verən komandanın məşqçi və futbolçu heyəti oyundan sonra qaçmağa çalışırdı.

Diktofon uzatdığımız futbolçulardan bir neçəsi danışmaq gücündə və həvəsində olmadığını deyib boyun qaçırdı.

Yalnız İvan Brkiç Sportinfo.az-a açıqlama verməyə razılıq verdi. Xorvat qapıçı qarşılaşma ilə bağlı fikirlərini bildirib, azarkeşlərdən üzr istədi:

“Azarkeşlərimizin, bizi sevənlərin, özümüzün və ailə üzvlərimizin üzünü güldürmək istəyirdik. Təəssüf ki, alınmadı. Günahı özümüzdə axtarmalıyıq.

Final oyunu elədir ki, qol imkanı az olur və ələ düşən fürsətdən yararlanan qalib gəlir. “Qəbələ” imkandan yararlandı və qələbə qazandı. Biz isə bunu edə bilmədik.

Açıq danışsaq, üzərimizdə təzyiq var idi. Bir yandan mövsümü titulla başa vurmaq məsuliyyəti, digər tərəfdən doğma meydanda oynamağımız.

Bu cür dəstəyin qarşısında ümidləri doğrulda bilmədik. Bilirəm, azarkeşlərimiz məyus və bizə əsəbidir. Hər birindən üzr istəyirəm. Belə olmasını istəməzdik.

Ümid edirəm ki, bu uğursuzluğun əvəzini çıxıb, onları sevindirəcəyik”.

2022-ci ilin yanvarından ağ-qara formanı geyinən 27 yaşlı qapıçı bu müddətdə 50 oyunun iştirakçısı olmaqda qapısında 47 top görüb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti