“Neftçi”nin əsas adamı “Sportinfo”ya dedi: “Bir həftə səbrli olun”

6 İyun 2023 20:00 Neftçi 3 648
“Neftçi”nin əsas adamı “Sportinfo”ya dedi: “Bir həftə səbrli olun”

Premyer Liqadakı uğursuzluğun ardınca “Neftçi” ölkə kubokuna da sahib ola bilmədi.

Özünə doğma olan şəhərdə və stadionda “Qəbələ”yə uduzan paytaxt təmsilçisi futbol ictimaiyyətinin qınağı ilə üzləşib.

Oyundan sonra klub rəhbərliyindən heç kim mətbuat nümayəndələrinin önünə çıxıb söz deməyə özündə cəsarət tapmadı.

Sualımıza sualla cavab verməyi çıxış yolu hesab edib məsuliyyətdən yayınmağa müəyyən mənada müvəffəq oldular: “Nə danışaq?”

“Neftçi”nin Müşahidə Şurasının üzvü, SOCAR-da vəzifə sahibi olan Zaur Qəhrəmanov da danışmaq istəmirdi. Daha doğrusu, söz deməyə sözünün olmadığını söyləyirdi.

Zaur bəy uğursuzluqla, klubdakı mümkün dəyişikliklərlə bağlı müsahibə verməkdən imtina etsə də, iki cümlə ilə kifayətləndi:

“Futbolda büdcə hər şeyi həll etsəydi, nə vardı ki? Bir həftə səbrli olun”.

Qəhrəmanov bir həftə ərzində, ya da bir həftədən sonra konkret nələrin yaşanacağını bildirməsə də, verdiyi mesaj mümkün dəyişikliklərə işarədir.

Qızıl medalları “Qarabağ”, gümüş medalları “Sabah”, ölkə kubokunu “Qəbələ” qazanıbsa, deməli, “Neftçi” mövsümü heç nəsiz başa vurub.

O boyda büdcənin, o qədər legionerin, əcnəbi məşqçilər korpusunun qarşılığında bunun adı fiaskodur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti