Çempionatın sonuncu oyun günündə mükafatçılar kubok və medallarına qovuşdu.
Yarışın keçirilməsinə və təşkilinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası “Azərsun Arena”da təmtəraqlı mükafatlandırma mərasimi hazırlamışdı.
Qızıl, gümüş və bürünc medalların sahibləri tam heyətlə “Qarabağ”ın stadionuna təşrif buyurmuşdu. “Neftçi” də oradaydı.
“Ağ-qaralar”ın meydana ayaq basması tribunalardakı uğultu səsləri ilə müşayiət olundu. Ardınca müxtəlif şüarlar səsləndirildi ki, bu, əzəli rəqibə “ilişmək” üçün idi.
“Neftçi”lilər medallarını alan kimi stadionu tərk etdi. Hörmət əlaməti olaraq çempionatdakı əsas rəqiblər - “Sabah”la “Qarabağ”ın mükafata sahib olduğu anı canlı izləyib, bəlkə də onları alqışlamaq da olardı. Ancaq buna lüzum görmədilər.
Əvəzində, “Sabah” əsl peşəkarlıq və hörmət nümunəsi sərgiləyib “Qarabağ”lıların kubok sevincini necə yaşadığına tamaşa etdi. Hətta aralarında bəziləri ağdamlıları alqışladı da.
“Neftçi”nin “Qarabağ”la “Sabah”a göstərdiyi xoş olmayan münasibətin səbəbini öyrənmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
“Biz həmin tədbirə Peşəkar Futbol Liqasının dəvəti əsasında gəlmişdik. Məqsəd medalların təltif edilməsi idi. Medalları alan kimi stadionu tərk etdik.
Tədbirdən öncə “Sabah”la oynamışdıq və kim təbrik etmək istəyirdisə, “Sabah”dakıları təbrik etmişdi. “Qarabağ”ın məşqçi və futbolçu heyəti ilə mükafatlandırma mərasimindən əvvəl dəhlizdə görüşmək imkanımız olmuşdu.
Kimin kimə təbrik sözü, gələcək arzuları vardısa, orada çatdırmışdı. Sırf bu səbəbdən medalları alandan sonra meydanda qalmağa lüzum görmədik”.
HƏBİB / SPORTİNFO.AZ

