Cənab Rege, jurnalistin dünənki sualı axmaqdırsa, bəs sənin...

29 May 2023 22:20 Neftçi 1 271
Cənab Rege, jurnalistin dünənki sualı axmaqdırsa, bəs sənin...

Məşqçi peşəsi elədir ki, hər an işindən ayrıla bilərsən. Bəzən bir uğursuz oyun qapıda qalmağa yol aça bilər. Hətta uğurlu dönəmdə göndərilən mütəxəssislər belə az olmayıb.

Boş yerə demirlər - məşqçinin çamadanı hər zaman yanında hazır olmaldır.

Görünür, bu həqiqət “Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampa hələ tam agah olmayıb, ya da bilməzdən gəlir.

Premyer Liqanın sonuncu turunun “Sabah”la matçından (1:0) sonrakı mətbuat konfransında yaşananlar belə deməyə əsas verir.

Belə ki, jurnalist normal qaydada qələbəyə görə məşqçini təbrik edərək ona qarşıdakı kubok finalı ilə bağlı sual ünvanlayır: “Ölkə kubokunu qazanmaq “Neftçi” üçün çox önəmlidir. Hətta nəticəsi rəhbərlik və məşqçilərin gələcək taleyini həll edə bilər. Əgər istənilən nəticə olmasa, sizin çamadanınız hazırdı, yoxsa yox?”.

Kifayət qədər normal, məntiqə söykənən bir sualdır.

Amma nədənsə rumıniyalı çalışdırıcı bir andaca özündən çıxıb. Suala cavab vermək bir kənara, jurnalisti təhqir etməyə belə özündə cürət tapıb:

“Zəhmət olmasa, bir az hörmətlə sual verin. Necə belə bir sual verə bilərsiniz? Çox axmaq sualdır. Bu, mənə qarşı hörmətsizlikdir”.

Rumıniyalının komandası ölkə kubokunun finalına ötən yay yığılan “Turan”a 93-cü dəqiqədə Emin Mahmudovun fərdi ustalığı hesabına vurduğu qolla yüksəlib.

Azərbaycan Premyer Liqası dünən başa çatdı. Həmin Regekampfın çalışdırdığı “Neftçi” mövsümü lider “Qarabağ”da 22 xal, ikinci pillədə gedən “Sabah”dan 13 xal geridə bitirdi.

“Qarabağ”dan 28, “Sabah”dan 12 qol az vuran “ağ qaralar” öz qapısından ağdamlılardan 13 qol, Masazır təmsilçisindən isə 14 qol çox buraxıb.

Cənab Rege, jurnalistin dünənki sualı axmaqdırsa, bəs sənin birbaşa cavabdeh olduğun bu nəticələrə görə sənə hansı adı verək?

Cavab üçün özün yardım et. Mən nə qoysam söyüş səslənəcək. Buraxıram öz vicdanına, əgər varsa…

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti