Son iki oyunda “Qarabağ”a 2:4, “Turan Tovuz”a 0:4 hesabı ilə uduzan “Neftçi” bu dəfə autsayderlə bacarmadı.
“Bakcell Arena”da, doğma azarkeşləri önündə “Şamaxı”nı qəbul edən bakılılar növbəti dəfə meydanı qələbəsiz tərk etdi – 1:1.
Üçüncülüyü təmin edəndən sonra heç cür özünə bənzəməyən, əksinə, əldə etdiyi nəticələrlə özünü nüfuzdan salan “ağ-qaralar” azarkeşlərin səbr kasasını daşırmaqdadıq.
Baş məşqçi Laurentsiu Regekampf hər açıqlamasında kubokun finalını xatırladaraq özü üçün vaxt qazanır. Lakin görünən budur ki, komandanın mövsümü titulla başa vurması belə, fanatların könlünü şad etməyəcək.
“Neftçi”nin sosial media və azarkeş səhifələrində yazılan şərhləri oxuyanda, tərəfdarların hamılıqla ayağa qalxdığını görmək və bu gedişlə klubda rəhbər dəyişikliyinin baş verəcəyini təxmin etmək çətin deyil:
“Söyüş belə söyüləsi deyil. Yaxşı edirsiz, belə də davam edin. Məhv edin klubu”.
“Rəhbərlik deyib ki, büdcəmiz azdır və maksimum budur. Yəni, doğrudan da mövcud büdcə sonuncu pillədə yer alan komandanı udmağa yetmir? Niyə azarkeşi, xalqı aldadırsız?
“Büdcə, şərait bəhanədir, yoldaş Kamran Quliyev. Üst rəhbərlik heç nə etmirsə, iki hal var: ya futbolu bilmirlər, ya da xaindirlər”.
“Vicdan insan üçün ən ali hisdir. O olmadan nə uğur, nə də nəticə olar. “Məhəbbət üçbucağı” - Kamran, Zaur və Rege rədd olmalıdır”.
“Heç nəyə layiq deyilsiz. Əsas da bu cür azarkeşlərə. Bütün rəhbərlik bir nəfər kimi rədd olana qədər qələbə üzünə həsrət qalın”.
“Bilmirəm, gülüm, ya ağlayım. Allah bəlalarını versin!”
“Bir “Şamaxı” qol vurmamışdı, xal almamışdı bizdən, onlar da bacardı”.
“Şamaxı”yla heç-heçə? Ölün də!”
“Artıq oyun da, nəticə də bizə maraqlı deyil. Formanı çıxarın, istefa verib gedin klubdan”.
“Rövşən Nəcəf görmür ki, “Neftçi”ni nə günə qoyublar? İnsanın bir qüruru olar. Heçmi qürur yoxdur bunlarda? İstefa verin ki, işini bilənlər gəlsin”.
HƏBİB / SPORTİNFO.AZ

