«Neftçi»də baş verən yeni qalmaqalın səs-sorağı gəlməkdədir.
Demək olar hər gün bununla bağlı redaksiyamıza müxtəlif informasiyalar daxil olmaqdadır.
Akademiyanın koordinatoru Elşad Əhmədovla U-17 komandasının çalışdırıcısı Rəşad Hüseynov arasındakı insidentin birincinin təhriki ilə yaşanması məlumdur.
Belə ki, «Qarabağ»la keçirilən oyundan sonra «ağ-qaralar»ın paltardəyişmə otağında aləm bir-birinə dəyib. Bakılılar matçın gedişində 4:0 önə keçib və bu üstünlüyü əldən verib.
«Neftçi» yalnız son saniyələrdə daha bir qol vurub və qələbə qazanıb. Bu zaman iki komandanın futbolçuları arasında dava düşüb və baş hakim hər tərəfdən bir nəfərə qırmızı vərəqə göstərib.
Elşad Əhmədov bu hadisədən qəzəblənib və final fitinin ardından baş məşqçiyə öz sərt etirazını bildirib və «nizam-intizam yarada bilmirsiz, hamı özbaşınalıq edir» deyib.
Rəşad Hüseynov ona «Mən məşqçiyəm, sizin futbolçunuz deyiləm ki, belə rəftar edəsiz, Neçə ildir futboldasız, amma hələ də məşqçilərlə necə rəftar etməyin lazım olduğunu öyrənməmisiz» söyləyərək, cavab qaytarıb.
Belədə, ikili arasında mübahisə əlbəyaxa davaya çevrilib. Yaxınlıqdakı şəxslər və futbolçular onları bir-birindən güclə ayırıb.
Məlumat üçün bildirək ki, bu, Elşad Əhmədovun «Neftçi»də törətdiyi ilk belə qalmaqal deyil. O, daha öncə bir neçə məşqçiyə qarşı kobud davranıb.
Ümumiyyətlə, koordinator başqa şəxslərin vasitəsilə bura gələnlərə pis münasbət bəsləməkdədir.
Bu olay klubun idman direktoru Zaur Əzizovu hiddətləndirib. O, Elşad Əhmədovla danışaraq, «sən lotusan» sualı verib.
Baş koordinator bu sualı gözləmədiyindən, yalnız «niyə elə fikirləşirsiz?» deyib. Direktor cavaba qane olmayaraq, növbəti dəfə «yox e, sən mənə de görüm, sən özünü lotu hesab edirsən» deyə, soruşub.
Əhmədovun reaksiyası bu dəfə «yox» olub. Belədə Əzizov «mən bura hansı məşqçini gətirmişəmsə, sən heç birini yola vermirsən, hamısına problem yaradırsan» söyləyib.
Hörmətli Zaur bəy xəbərdarlıq edib ki, bu kimi halların baş verməsi «Neftçi»nin adına xələl gətirir və hadisə hansısa formada yenə təkrarlanarsa, onunla yollar ayrılacaq.
SPORTİNFO.AZ

