Birinci Divizionda mövsüm başa çatmaq üzrədir.
İlk iki yerin sahibi məlumdur. “Araz Naxçıvan” 26 turdan sonra çempionluğu təmin edibsə, “Neftçi-2”nin gümüş medalları bayram edəcəyinə şübhə yeri qalmayıb.
Bürünc medallara 6 komanda iddia edir.
“Araz Naxçıvan”la işimiz yoxdur. Büdcəsinə arxayınlaşan Muxtar Respublika təmsilçisi təcrübəli futbolçulara bel bağlamaqla Premyer Liqa iddiasını ortaya qoymağı bacardı.
Aşağı dəstədən ən maraqlı və sürpriz komandası “Neftçi-2” oldu. Mövsümün əvvəlində bu komandanın yarışı liderdən sonrakı yerdə başa vuracağını desəydin, adama gülərdilər.
Səbəb sadəydi. “Ağ-qaralar” divizionun ən gənc komandasıydı.
Digərləri bığlı-saqqalı kişilərə güvəndiyi halda, Rəşad Abdullayev ötən mövsüm U-17 və U-19 komandalarında çıxış etmiş futbolçulara bel bağlamış, yayda digər klublardan demək olar transfer etməmişdi.
Məqsədi Mahmud Qurbanovun qoyub getdiyi gənclərə və yetişməkdə olan futbolçulara güvənmək idi ki, özü öz qarşısına qoyduğu məqsədə çatdı.
Əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf imkan versəydi, çempionluğu da bayram etmək olardı.
Rumın məşqçi çempionatın startından bu yana ən istedadlı futbolçuları A komandasına cəlb etməklə Birinci Diviziondakı kollektivə kömək etmələrinin qarşısını aldı. Nə özü oynatdı, nə də Rəşad Abdullayevin üzünün istədiyi kimi gülməsinə imkan verdi.
Nəticədə “Neftçi” kimi, “Neftçi-2”nin də çempionluq arzusu vaxtından əvvəl “suya düşdü”.
İstənilən halda “ağ-qaralar”ın ikinci komandasını sərgilədiyi oyuna və əldə etdiyi nəticələrə görə alqışlamaq lazımdır.
HƏBİB / SPORTİNFO.AZ

