"Neftçi"nin qara günləri davam edir.
Komanda Tovuzda "Turan"dan aldığı 0:4 hesablı məğlubiyyətin şokunu "Şamaxı" qarşısında da üzərindən ata bilmədi.
Halbuki baş məşqçi Regekampf qərb təmsilçisi ilə oyundan sonra "Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik. Çox seçimimiz də yoxdur. Ev oyunumuz tamamilə fərqli olacaq. Həm özüm, həm də, oyunçuların adından azarkeşlərdən üzr istəyirəm" - deyə bildirmişdi.
Düzdü, onun bu iddiasına ciddi əhəmiyyət verənlərin sayı çox deyildi. Əbəs deyil ki, matça cəmi 600 azarkeş gəlmişdi.
Az sayda azarkeş ümid edirdi ki, bəlkə, bu dəfə meydanda fərqli nəsə görmüş olacaqlar.
Hər halda Tovuzdakı darmadağını azacıq da olsa unutdurmağın yeganə yolu "Şamaxı"nı evdə gözəl oyunla darmadağın etməkdən keçirdi.
Rumıniyalının üzrü qəbahətindən betər oldu.
Bu dəfə onun komandası Premyer Liqanın "zirzəmisi"ndə qərarlaşan "Şamaxı" ilə bacarmadı - 1:1.
Regenin tamamilə fərqli olacaq dediyi "Neftçi" bu idi?
Meydanda nə bir sistem gördük, nə də futbolçularda xüsusi istək.
"Ağ qaralar"ın meydanda hansı taktiki sxemdən istifadə etdiyi naməlum idi. Şəxsən mən aydınlaşdıra bilmədim.
Əminəm hətta futbol mütəxəssisləri də baş məşqçinin "Neftçi"li futbolçulardan nə istədiyini aydınlaşdırmaqda çətinlik çəkdilər. "Şirlər" daha nizamlı kollektiv təsiri bağışlayırdı, nəinki paytaxt təmsilçisi.
Belə biabırçı oyunla hələ bir xal qazandılarsa sevinə bilərlər.
Erkən vurduqları qol olmasaydı, bəlkə də qonaqlar meydandan qələbə ilə ayrılacaqdı.
XANOĞLAN İMANOV

