“Neftçi”nin “Turan Tovuz”la səfər qarşılaşmasında bakılıların bir neçə futbolçusu kənarda qalmışdı.
Azər Əliyev, Azər Salahlı, Sezar Meza Kolli və Höccət Haqverdi zədəli olduğu üçün Tovuzdakı oyunda komandasına kömək edə bilməmişdi.
“Şamaxı” ilə qarşılaşmada cəza səbəbindən Voislav Stankoviçlə Vato Arveladzenin xidmətindən yararlana bilməyəcək “ağ-qaralar” zədəlilərin sıraya qayıtmasına sevinir.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin saytımıza verdiyi məlumata görə, zədəlilərdən Azər Əliyev xaric, digərləri kollektiv çalışmalarda iştirak edib.
Lakin onların əsas heyətdə oynamağa nə dərəcədə hazır olduğuna dair qərarı klubun həkimi ilə baş məşqçi verəcək. Dəqiq olan budur ki, Stankoviçlə Arveladze kimi, Azər Əliyev də bazar günü oynamayacaq.
Mayın 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” matçı saat 20:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

