"De Byazi hələ indi başa düşüb ki..."

22 Noyabr 2022 01:10 Milli komanda 815
"De Byazi hələ indi başa düşüb ki..."

"Ardıcıl 5 qələbəyə inkişafın başlanğıcı demək hələlik tezdir".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında futbol eksperti, menecer Səbuhi Səfiyarlı Azərbaycan millisinin ardıcıl qələbələr qazanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, inkişaf sistemli bir şeydir:

"U-21 millimiz İsveçə 1:8 hesabı ilə uduzursa, birdən-birə inkişafın başlanğıcından danışa bilmərik. Amma yaxşı haldır ki, əsas yığmada qələbələr gəlməyə başlayıb, oyunçularda inam yaranıb. Bu gün əlimizdə olandan ən yaxşı şəkildə istifadə etməyə çalışmalıyıq".

Səfiyarlı komandanın yoldaşlıq matçlarında Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsinə də toxunub: "Qələbə qazanmaq həmişə xoşdur, futbolçu üçün əlavə motivasiyadır. Bu, digər matçlara daha yaxşı köklənməyə təkan verir. Futbolçu qələbəni yaxşı oyunla əldə edəndə və layiq olduğu nəticəni qazananda ikiqat xoşbəxt olur. Bu baxımdan hər iki qələbəni mütləq qeyd etmək lazımdır. Yoldaşlıq qarşılaşmaları olsa da, Moldova və Şimali Makedoniya yığmaları fərqli oyun sərgiləyən rəqiblərdir. Milli komandamız hər ikisinə qarşı yaxşı oyun göstərdi. Monoton futbol oynamadılar, maraqlı oyun sərgilədilər. Bu səbəbdən iki qələbə yığma üçün sevindirici idi".

Menecer millinin italiyalı baş məşqçisi Canni de Byazinin əvvəlki seçmə mərhələlərdə sərgilədiyi oyunun bizə yad olduğunu vurğulayıb: "Rəqibin kimliyindən asılı olmayaraq, 8 nəfərlə müdafiə olunurduq, arxaya yığılırdıq, topu ancaq irəli vururduq. Matçda üstünlüyü ələ aldığımız müddətdə hücumçunun əvəzinə meydana müdafiəçi girirdi. Belə şeylər bizim futbola uyğun deyil. Topla yaxşı davrana bilən oyunçularımız daha çoxdur. "Qarabağ" klubu 6-7 yerli futbolçu ilə çıxış edir. Dəfələrlə söyləmişik ki, onların göstərdiyi oyunu milliyə daşımalıyıq. Son iki matçda da bunu aşkar şəkildə gördük. Klublarımızın oynadıqları sistemdə çıxış etdik. Ən yaxşı oyunçularımızın yer aldığı klublarımız da bu gün dörd müdafiəçidən ibarət sistemlə mübarizə aparırsa, yığmanın beş müdafiəçi ilə oynaması düzgün olmaz".

Onun sözlərinə görə, artıq klublar, futbolçular və yığma arasında bağlılıq yaranıb və bunun nəticəsini görməyə başlayırıq: "Milli pis oynadığı dönəmdə baş məşqçini tənqid edənlər bugünkü oyunu görmək istəyənlər idi. Deyilənlər indi özünü göstərir. De Byazi oyundan sonra bildirib ki, yaxşı şeylər üçün vaxt lazımdır. Vaxt ona görə lazım idi ki, baş məşqçi futbolçuları tanımalı idi. Tanımalı idi ki, biz 8 nəfərlə arxada oturmamalıyıq, futbol oynamağa çalışmalıyıq. Onların qabiliyyətlərinə bələd olduğumuz üçün bildirirdik ki, bu sistemi seçməliyik. Amma görünən odur ki, De Byaziyə bunun üçün vaxt lazım olub. Hələ indi başa düşüb ki, bizim oyunçular hansı futbolu oynaya bilərlər".

Ekspert yığmanın UEFA Millətlər Liqasındakı 3 ardıcıl qələbədən sonra baş məşqçinin tənqid olunmasını da izah edib: "Biz başa düşdük ki, bu qrupdan çıxa bilərdik. De Byazi buna görə tənqid olundu. Rəqiblərin gücünü bilmədən mütəxəssis əynimizə don biçmişdi ki, biz ikinci yer üçün mübarizə aparacağıq. Favoritin Slovakiya yığması olduğunu deyirdi. Hansı ki, onlar qrupdan çıxmağa yaxın belə getmədilər. Həmin qrupdan Qazaxıstan yığması növbəti mərhələyə vəsiqə qazandı. De Byazi komandanı, özünü qorxutmasaydı, ilk matçlardan qələbə üçün oynasaydı, qrupdan çıxa bilərdik. Mənə çox maraqlıdır ki, o, Slovakiyanı nəyə əsasən favorit göstərirdi? Çünki son oyunlara baxanda başa düşməli idi ki, qorxulu rəqib deyil və biz bu qrupdan çıxa bilərik. Deməli, ya baş məşqçi rəqibin oyunlarını izləməyib, ya da düzgün analiz etməyib. Hansı ki, Slovakiya elə də güclü deyildi. Onları səfərdə məğlub etdik. Evdəki matçda əlimizdə qalib gəlmək şansı olduğu halda Emin Mahmudovun yerinə Abbas Hüseynovu meydana buraxdı. De Byazini 3 qələbədən əvvəlki səhvlərinə görə tənqid edirdik".

Menecer indiki halda, hələlik baş məşqçini tənqid etməyə ehtiyac olmadığını diqqətə çatdırıb: "Komanda yaxşı oyun sərgiləyir. Qorxaq oynamır. Baş məşqçi hardasa komandasını indi tanımağa başlayıb. Çox təəssüf ki, bir az gec oldu. Amma yaxşı ki, oldu. Bizi qarşıda AVRO-2024-ün seçmə mərhələsi gözləyir. Heç kim De Byazidən qrupdan çıxmağı tələb etmir. Ən yaxşı halda indiki oyunumuzla Estoniyadan 6 xal götürə bilərik. Güclü komandalardan isə birini evdə məğlub edərək mərhələni 9 və ya 12 xalla başa vura bilsək, yaxşı olar. Hətta Millətlər Liqasını nəzərə almasaq, seçmə mərhələ tariximizin ən yaxşı xalını da yığa bilərik. Çünki çox yaxşı yığmamız və futbolçularımız var. Millinin oyunçuları əsasən "Qarabağ"dan və "Sabah"dan heyətə cəlb olunur. Onlar da çempionatda ən yaxşı futbol göstərən komandalardır. Klublardakı yerlilər də oyun baxımından çox artırıblar. Həmin oyunçular da komandanı xeyli gücləndiriblər. Ən yaxşı yığma formalaşmağa yaxındır. Baş məşqçi lazım olan korrektələri edib yaxşı nəticə qazana bilər".

Məsələ ilə bağlı "Report"a danışan digər ekspert, Beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun sözlərinə görə, səfərdə Moldova, Şimali Makedoniya üzərindəki inamlı qələbələr öncəki çıxışların məntiqi davamıdır və onların təsadüfi olmadığını isbatlayır: "Yoxlama matçları olsa da, hər qələbə futbolçuların özünəinamını artırır. Eyni zamanda, futbolçuların böyük əksəriyyəti Azərbaycan çempionatında çıxış edirlər və optimal formalarını yığıblar. "Qarabağ"ın avrokuboklarda göstərdiyi nəticələr, son turda "Sabah"ın ağdamlılara qarşı məzmunlu çıxışı, rəqabətin artması milliyə əlavə güc, inam verir və məşqçinin də, futbolçuların da məsuliyyətini artırır. Baxımlı oyunla hətta azlıqda qaldıqda belə rəqib qapısına qol vurulur. Hər iki qarşılaşmada təsadüfi deyil, layiqli qələbələr qazanılıb".

"Neftçi" klubunun sabiq vitse-prezidenti millinin tam gücünün AVRO-2024-ün seçmə mərhələsində üzə çıxacağını söyləyib: "İllərdir yaradılan şəraitə uyğun milli, ümumilikdə ölkə futbolu çoxdan inkişaf mərhələsinə qədəm qoymalı idi. Ardıcıl qələbələr müsbət məqam, ruh yüksəkliyi yaratsa da, Azərbaycan çoxdan Avropa və dünya çempionatlarının final mərhələlərinə vəsiqə qazanmalıydı. Ölkə futbolunda potensial yüksək olsa da, süni maneələr, strateji yanlışlıqlar, məğlub psixologiya, idarəetmədə olan problemlər layiqli nəticələrin qazanılmasına mane olur, qarşısını alırdı. 5 ardıcıl qələbə eyforiya, arxayınlıq yaratmamalıdır, qarşıda daha güclü rəqiblər, rəsmi oyunlar var. Artan trayektoriya ilə hazırlıq üst səviyyədə davam etməlidir".

Süleymanov millidəki hazırkı durumun və ruh yüksəkliyinin AFFA-da baş verən və hələ ki, tam olaraq yekunlaşmayan kadr, nisbətən ideoloji dəyişikliyin təsiri olduğunu diqqətə çatdırıb: "Obyektiv, subyektiv yanaşmalar təbiidir. Tənqidlər tək baş məşqçi ilə bağlı deyil, uzun illər ölkə futbolunda yaradılmış inamsızlıqdır. De Byazi və futbolçular bir qədər rahat nəfəs almağa başlayıblar, sərbəstlik yaranıb, məğlub psixoloji durumdan qalib ruhun oyanması prosesi baş verir. İslahatlar astanasında olan futbolumuzda durğunluqdur. Bu, bir tərəfdən vəzifələrin, yerlərinin qorunması instinktini oyadıb, digər tərəfdən, cüzi qığılcımların belə necə müsbət təsir etdiyini göstərir. Azərbaycan futbolunun potensialı yüksək olmaqla yanaşı, qalaq-qalaq yığılıb qalan problemləri də yetərincədir. Düzgün istiqamət götürülərsə, kadr islahatları yetərincə uğurlu olarsa, millimiz yaxın illərdə daha böyük nəticələr qazana bilər. Ümumilikdə futbolumuz yeni mərhələyə başlamaqla futbol ictimaiyyətinin, medianın, azarkeşlərin inamını qaytarmış olar".

Digər Xəbərlər
Xəbər Lenti