Moldovaya 2:1, Şimali Makedoniyaya 3:1 hesabıyla qalib gələn Azərbaycan yığmasının ardıcıl qələbə seriyası 5-ə çatdı.
Bu, millinin tarixində bir ilkdir.
Yoldaşlıq görüşlərində qeydə alınan nəticələr FİFA-nın noyabr ayı üxrə reytinq cədvəlində öz əksini tapacaq. Hardasa iki-üç pillə irəliləyəcəyik.
Şübhəsiz, 2022-ni belə əhval-ruhiyyədə bitirmək əla oldu. Xoşbəxtlik quşunun millimizin başına qonması gözəl hissdir, adamı gələcəyə nikbin baxmağa inandırır.
Sadəcə və sadəcə… Eyforiyaya qapılmaq üçün hələ çox tezdir.
Əvvəla, istər Millətlər Liqasında Belarus, Slovakiya və Qazaxıstan üzərində əldə olunan, istərsə də son yoxlama oyunlarında qeydə alınan qələbələr real mənzərənin portretini çəkmir.
Millimizin gerçək gücü AVRO-2024-ün seçmə mərhələsində üzə çıxacaq. Bizim üçün əsas qitə birinciliyinin «ələmə» raundudur və hesablama və qiymətləndirməni buradan çıxacaq nəticələr üzərindən aparmalıyıq.
AVRO-2024-ün seçmə mərhələsinin bir uburlu gecəsi turnir cədvəli baxımından əhəmiyyət daşımayan beş qarşılaşmada qazanılan qələbədən üstündür.
Moldova və Şimali Makedoniya ilə keçirilən oyunlardan sonra «nə yaxşı ki, AFFA De Byazi ilə müqaviləni uzatdı» deyənlər var ha, mən onlarla həmfikir olmağa tələsmirəm.
Millidə irəliləyiş var. Bu, birmənalı belədir. Futbolçuların təkidi olmasaydı, Canni De Byazi ilk vaxtlardakı sistemindən əl çəkməyəcəkdi.
«Beşli müdafiə»dən imtina etməyəcəkdi, hücum futbolu oynatmayacaqdı. Çünki italyan çalışdırdığı komandaya inanmırdı, zəifin zəifi nəzəriylə yanaşırdı.
Ona qalsaydı, millimiz yenə ultra praqmatik taktikasıyla izləyənləri yuxulamağa məcbur edəcəkdi.
Futbolçular bezdilər, baş məşqçinin özündən özünə şikayətləndilər, «bizi aşağı tutma» dedilər, nümayiş etdirdikləri oyunla De Byaziyə isbatladılar ki, indiyədək yanlış yol tutub.
Taktiki səhvlərindən gec də olsa nəticə çıxaran və ziyana aparan marşrutun yarısından geri dönən baş məşqçiyə bir tövsiyəm var – bir daha öz bildiyini etməsin, komandasının aparıcı simalarının sözünü qəribçiliyə salmasın.
Ağıl yaşda deyil, başdadır. O başı da bir tək baş məşqçinin daşımadığını da görə-görə gəlirik.
KAMİL

