Dəyişən düşüncə, ümid verən milli

21 Noyabr 2022 23:40 Milli komanda 684
Dəyişən düşüncə, ümid verən milli

Azərbaycan millisi yoxlama matçında Şimali Makedoniya yığmasını məğlub etdi - 3:1.

Bu, ardıcıl qazanılan 5-ci qələbə kimi milli tarixinə yazıldı. Çünki heç vaxt belə mənzərə yaşanmayıb.

Düzdü, qələbə seriyası müxtəlif səbəblərdən kölgələnir. Birinə lazımsız oyunda əldə olunan 3 xal, digərinə zəif rəqib üzərində qazanılan qələbə kimi baxılır. Hərənin özünə görə bəlli həqiqəti var. Bununla bağlı nəsə deyə bilmərəm.

Amma reallıq ondan ibarətdir ki, De Byazinin komandasında oyun olaraq da inkişaf diqqət çəkir.

İlk əvvəl onu diqqətə çatdıraq ki, komanda əvvəlki kimi "beşli" müdafiə yox, 4 müdafiəçili sistemlə çıxış edir. Düzdü, müasir futbolda "beşli" müdafiəçi sistemində çıxış edən əksər komandalar daha çox hücumda olur. Ki, cinahlar oyunun böyük bir hissəsin ön xəttə kömək etməklə keçirir.

Amma italiyalı mütəxəssis cinah müdafiəçiləri daxil hər kəsə sanki "mərkəzi keçmək olmaz" tapşırığı verərək meydana buraxırdı. Müdafiə olunmağın da acı sonu hər kəsə məlumdur.

Lakin indi daha az müdafiəçi ilə meydana çıxan milli hücumda daha raha çoxalmağı bacarır.

Sol cinahda Elvin Cəfərquliyevin çıxışını isə xüsusi vurğulamaq olar. Daim ön xəttə kömək edən "Qarabağ"lı hazırda yaxşı günlərini yaşayır.

Amma əks cinah barədə eyni sözləri demək olmaz. Ampulası mərkəz müdafiəçisi olan Höccətin cinahı hücum fazasında kəskin axsaması ilə diqqə çəkir. Bu da anlaşılandır. Hər halda milliləşdirilmiş oyunçu özünə yad mövqedə çıxış edir.

Əcnəbi mütəxəssis görünür, hələ də tam riskə getmək istəmir. Elvinin hücuma qoşulmasına sərbəstlik verən De Byazi əvəzində sağ cinahı müdafiəmeylli qurmaqla ehtiyatı əldən verməməyə çalışır. Amma istənilən halda həmin cinahda Amil Seydiyev olsa daha məqsədə uyğun olar.

De Byazinin ancaq qapanmaq, ancaq müdafiə olunmaq kimi zərərli fikirlərindən daşınması futbolçuların da əl-qolunu açmasına təkan verib. İndi meydanda daha akiv, daha məzmunlu Azərbaycan yığması görürük.

Düzgün olanı da budur. Çünki hazırda millidə futbol oynamağı bacaran, texniki cəhətdən seçilən çox sayda potensiallı futbolçu cəm olub. Onların keyfiyyətini ancaq müdafiə olunmaq düşüncəsi ilə öldürmək olmaz. Bu milli bəlkə də son illərin ən yaxşısıdır. Hələ nəzərə alaq ki, müxtəlif səbəblərdən Qara Qarayev, Eddi İsrafilov, Rinat Dadaşov, Bədavi Hüseynov, Maksim Medvedev kimi əsas heyət üzvü sayılan futbolçular son oyunlarda milliyə kömək edə bilmədilər. Bunun fonunda belə mənzərə ürəkaçandır.

İndi qalır üstünə qoymaq, son oyunlardakı hücum aktivliyini daha da təkminləşdirmək. Ki, rəsmi oyunlarda da bu qələbələrin davamını görək. Bununla həm də qələbələrə salınan əsaslı kölgələrə yer qalmasın. Bir sözlə, son oyunlar ümid verir. İndi qalır onu doğrultmaq. Bunun üçün isə yığma komandanı gözləyən seçmə mərhələ oyunlar var.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti