Azərbaycan millisi noyabrın 20-də səfərdə Şimali Makedoniyanın qonağı olacaq.
Bu, rəsmi oyun deyil. Sıradan yoldaşlıq görüşüdür. Lakin uduzmamaq vacib şərtdir.
Ölkənin bir nömrəli futbol komandası müstəqillik tarixində ilk dəfə ardıcıl 4 oyunda meydanı qələbə ilə tərk edib.
Yoldaşlıq görüşü olmasına baxmayaraq, növbəti qalibiyyət yığmada işlərin qaydasına düşdüyünü, öncəki qələbələrin təsadüfi olmadığını göstərəcək. Bu gün səfərdə Şimali Makedoniya ilə bərabərlik də kafi sayılmamalıdır.
Rəqibin yaxın keçmişdə AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanması, ötən ilin martında səfərdə Almaniyanı, bu ilin eyni ayında səfərdə İtaliyanı məğlub etməsi, DÇ-2022-yə qatılmaq şansını son anda əldən verməsi, heyətində “Napoli”, “Udineze”, “Rayo Vallekano”, “Fənərbağça”, “Trabzonspor” kimi komandaların futbolçularının çıxış etməsi bizimkiləri qorxutmamalıdır.
İş burasındadır ki, Blaqoe Milevskinin yetirmələri son aylar heç də ən yaxşı günlərini yaşamır.
Şimali Makedoniya son 4 oyunda qələbə üzünə həsrət qalıb. Sentyabrda Millətlər Liqasında səfərdə Gürcüstan seçməsinə 0:2 hesabı ilə boyun əyən makedonlar elə həmin ay qrupun sonuncu qarşılaşmasında doğma azarkeşləri önündə Bolqarıstana uduzub – 0:1.
Oktyabrın 22-də Əbu-Dabidə Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq görüşü də uğursuzluqla nəticələnib. Noyabrın 20-dəki rəqibimiz asiyalılara məğlub olub – 0:1.
Noyabrın 17-də Finlandiya ilə növbəti sınaq matçında da qələbə qazanmaq mümkün olmayıb. Skopyedəki qarşılaşmanın gedişində məğlub duruma düşən Şimali Makedoniya 75-ci dəqiqədə vurulan qolla bərabərliyə nail olub.
Milevskinin başçılıq etdiyi komanda bu ilin martında İtaliyanı məğlub edəndən bu yana 9 oyun keçirib ki, bunlardan yalnız 2-də qalibiyyətə sevinib. Və hər iki halda “çırtdan” Cəbəlllütariq millisini udmaq mümkün olub.
Yəni rəqib heç də keçilməz deyil. Üstəlik, yaxşı günlərini yaşamır. Azərbaycan seçməsi müdafiədə etibarlı, hücumda effektli təsir bağışlamaqla növbəti qələbəsini qazanıb təəccübləndirə bilər.
HƏBİB / SPORTİNFO.AZ

