Sevindirməyən qələbə, itən inam və ümid verən potensial

20 Noyabr 2022 17:20 Milli komanda 1 426
Sevindirməyən qələbə, itən inam və ümid verən potensial

Azərbaycan millisi ardıcıl 4-cü qələbəsini Moldova üzərində qazandı - 2:1.

Həqiqətən də bizə yad statistikadır.

Əsas yığma 4 oyundur uduzmur. Amma...

Komandamız qalib gəldi, meydanda yaxşı tərəfdən özünü göstərdi, futbolçuların istəkli, inamlı olması qabardıldı, amma bir şey hələ də çatmır. İnam!

Futbol ictimaiyyəti hələ də Canni De Byazinin başçılıq etdiyi milliyə güvənmir. İstədiyi qığılcımı onun oynatdığı futbolda görmür. Bunu sosial şəbəkələrdə yazılanlardan, mütəxəssis və futbolçuların açıqlamalarından açıq-aşkar hiss olunur.

Bu da anlaşılandır. Ki, udduğumuz rəqiblər güclü deyil, nisbətən güclü olanı isə millimizlə oyuna hədəfini itirərək çıxıb.

İddianı, inamı göstərmək üçün hədəfin olduğu matçlarda və ciddi rəqiblər önündə müsbət nəticələrin olması vacibdir.

O zaman heç yaxşı oyun olmasa da olar. Yaxşı nəticə mütləq yetərli olacaq. O zaman ictimaiyyətin fikirləri də müsbət istiqamətdə inkişaf edəcək. Axı hamının istədiyi, stabillik və ciddiyyətin varlığıdır.

Amma bütün bunlar o anlama da gəlməməlidir ki, futbolçularımızın qələbəsini yerdən yerə vuraq.

İstənilən halda milli formada qazanılan zəfər alqışlanandır. Və mütləq ki, qarşıdakı matçlarda bu qələbələr komanda üzvlərinə əlavə ruh, motivasiya, inam verəcək.

Necə ki, verir. Çünki meydanda futbolçularımızı daha sərbəst və inamlı görürük. Bu, qurulan hücumlardan, verilən riskli qərarlardan açıq-aşkar sezilir.

Əvvəllər heç münasib rəqiblərə qarşı da bunu bacarmırdıq. Amma arxayınçılıqdan söhbət gedə bilməz. Yaxşı nəticələr üçün millinin indiki gücü yetərli deyil.

Potensiala çatmaq vacibdir. Hazırkı heyətin potensialı isə yetəri qədər böyükdür. Yetər ki, doğru heyət, doğru taktika seçilsin və mübarizə ruhu yerində olsun.

O zaman lazımlı qələbələrlə itən inam da bərpa oluna bilər. Bir qədər çətin görünsə də...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti