Azərbaycan millisi yoldaşlıq görüşü çərçivəsində Moldovanı səfərdə məğlub etdi - 2:1.
Yığmamız qələbə ilə bərabər, həm də yaxşı oyunla yadda qalmağı bacardı.
Xüsusilə ilk hissə Canni De Byazinin yetirmləri meydanın ağasıydı. Təbii ki, bunda rəqibin həddən artıq zəif çıxışı da öz işini gördü.
Mənim isə işim nə qələbə, nə də zəif oyunla bağlıdır.
90 dəqiqə beynimdə fikirləşdiyim tək şey o olub ki, Höccət Haqverdinin sağ cinahda oynadılmasında məqsəd nədir? İtaliyanın Höccətlə bağlı höccəti nəyə hesablanıb?
Oyun bitər-bitməz sualıma cavab tapmaq üçün müəyyən araşdırma aparmağa başladım. Və bu an əcnəbi mütəxəssisin höccətləşməsinə daha da təəccüb etməyə bilmədim.
Deməli, adam konkret mərkəz müdafiəçisidir. Hazırda çıxış etdiyi "Traktor"da bu mövsüm 7 oyunda meydana çıxıb və hər birində mərkəz müdafiəçisi olaraq. Hətta üçlü mərkəz müdafiəçili sistemdə bəzən solda oynayıb, amma sağda yox. O, "Sumqayıt"da da eyni mövqedə çıxış edib.
De Byazi özü də əvvəlki matçlarda milliləşdirilmiş futbolçunu beşli müdafiənin mərkəzində oynadırdı. Son 3 oyunda dördlü müdafiəyə keçən çalışdırıcı Höccətə bir qayda olaraq sağ cinahı tapşırır.
Onun yad mövqedəki naşılığı 90 dəqiqə anban diqqət çəkir. Cinah elədir ki, texniki və fiziki cəhətdən yüksək səviyyədə olmalısan.
Əbəs deyil ki, mərkəz müdafiəçiləri bəzən 36-37 yaşa kimi çıxış edə bilirlər, amma cinah oyunçuları daha gənc və ya orta yaşlı futbolçulara üstünlük verilir.
Yəni mərkəz zonaya nisbətdə cinahlarda təcrübə bir qədər arxa plana keçir. Məsələn, sol cinahda çıxış edən Elvin CəfərQuliyev kimi. Adama meydanda olduğu müddətdə dəfələrlə hücum fazasına aktivlik gətirməyi bacardı.
Elə ilk qol da onun cinahından qurulan hücum sonrası gəldi. Ümumiyyətlə, müqayisə edəsi olsaq, Höccətin cavabdeh olduğu sağ cinah əks cinahla müqayisədə çox axsayırdı.
Amma bütün bunlara rəğmən, oyun ərzində işlək olan sol cinah əvəzlənir, Höccəti yada salan olmur.
Bunu məcburi addım kimi də qiymətləndirmək olmur. Çünki ehtiyatda sağ cinahda kifayət qədər "bişən" iki ad var - Amin Seydiyev və Qismət Əliyev.
Amin "Sabah"da, Qismət "Zirə"də birqayda olaraq həmin mövqedə çıxış edirlər. Kifayət qədər də komandalarına faydalı olmağı bacarırlar.
Höccətin 29 yaşı varsa, Amində bu 24, Qismətdə isə 26-dır. Gələcəyə hesablanan addım baxımından da öz yerli uşaqlarımızın oynaması məqsədə uyğundur. Bircə qalır, De Byazinin höccətinə son verməsi.
XANOĞLAN İMANOV

