Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan (16 noyabr) və Rumıniyaya (20 noyabr) qarşı keçirəcəkləri yoxlama matçları barədə danışıb.
Sportinfo.az xəbər verir ki, o, Moldova Futbol Federasiyasının rəsmi saytına açıqlamasında yığmamızla görüş haqda bunları deyib:
"Əvvəlcə biz Azərbaycan millisi ilə oynayırıq. Bilirik ki, Azərbaycan millisinin əsasını avrokuboklarda uğurlu çıxış edən və özünü yaxşı tərəfdən göstərən “Qarabağ”ın futbolçuları təşkil edir.
Üstəlik, onların legionerlərini də analiz etmişik. InStat-dakı tərəfdaşlarımızdan əlavə məlumat alaraq, rəqibin kifayət qədər yaxşı təhlilini apardıq.
Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz məlumatlarımızı futbolçulara çatdırmaqdır.
Rumıniya millisi ilə bir az fərqlidir. Hazırlaşırdıq ki, onlar tam heyətlə çıxış edəcəklər, amma son məlumata görə,
5-6 futbolçu millinin düşərgəsinə qoşulmayıb. Rumıniya millisi Sloveniya ilə 17-də oynayacaqları oyundan sonra əlavə məlumat toplayacağıq.
Heç bir futbolçu bu oyunlardan imtina etməyib. Hamı həm Azərbaycanla, həm də Rumıniyaya qarşı oynamaq istəyir".

