"InStat şirkətindəki tərəfdaşlarımızdan da məlumat alaraq, rəqibi kifayət qədər yaxşı təhlil etmişik".
Sportinfo.az xəbər verir ki, bunu Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, Canni De Byazinin baş məşqçi olduğu kollektivin heyətindəki futbolçuların çoxu hazırda Avropa Liqasında uğurla çıxış edən “Qarabağ”ın üzvləridir:
"Üstəlik, onların legionerlərini də tanıyırıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz bu məlumatı futbolçulara çatdırmaqdır".
Baş məşqçi Türkiyə "Boluspor"unun formasını geyinən Vyaçeslav Posmakın qarşıdakı oyunları buraxacağını söyləyib:
"Bəxtimiz gətirdi ki, yalnız Posmak öz klubunun qərarı ilə yığmanın düşərgəsinə qoşulmayacaq. Digər futbolçular isə noyabrın 15-dək bizimlə olacaq".
Noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

