“Qarabağ”ın Marsel sərgüzəşti: Qurunun oduna yaş da yandı

19 Fevral 2022 23:00 Köşə 1 274
“Qarabağ”ın Marsel sərgüzəşti: Qurunun oduna yaş da yandı

Zaur Xudiyev yazır...

Ötən gecə şübhəsiz Azərbaycan futbol tarixi üçün ən önəmli matç oynandı.

Tarixdə ilk dəfə hansısa yerli klubumuz qatıldığı Avrokuboklarda qrup mərhələsindən çıxmağı bacarıb, obrazlı ifadə etsək, “fevralı görürdü”.

“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransada “Marsel”lə üz-üzə gəlirdi. Oyun bir neçə aspektdən prinsipial xarakter daşısa da, bütün siyasi və meydandankənar nüansları kənara qoyub, matçla bağlı fikirlərimi çatdırmağa çalışacam.

“Qarabağ” oyuna ultrapressinq taktikası ilə çıxmışdı. Qurban Qurbanov meydanın mərkəzində Andrade, Qara Qarayev və Ozobiçlə çoxluq yaratmağa çalışıb cinahları boyaboy Tural Bayramov (sol) və Marko Veşoviçə (sağ) əmanət etmişdi. Abdullah Zubirlə Kadi isə həm hücumda Vadjini topla təmin etməli, həm də imkan düşən kimi özləri rəqib qapısı önündə təhlükə yaratmalı idilər.

Qarşılaşmanın əvvəlində bu ssenari yaxşı işləyirdi. Top “Marsel”də olan kimi Zubir və Kadi də mərkəzdəki “üçlüy”ə qoşulub “beşli” sədd yaradırdılar və ayağında top olan hər "Marsel"li futbolçunun qarşısında azı iki "Qarabağ"lı peyda olurdu. Bu isə təbii olaraq rəqibə qol-qanad açmağa, hücum qurmağa imkan vermirdi.

Üstəlik elə ilk dəqiqələrdə bir neçə epizodda topu rəqibdən oğurlamağı bacaran Kadi əvvəlcə Zubiri qapıçı ilə təkbətəkə yollasa da, fransalı zərbə anını qaçırdı. Ardınca Ozobiçin ötürməsinə Vadji gecikdi, ikincinin qaytardığı “borcunu” isə birinci uyğun vəziyyətdə olmasına baxmayaraq, rəqib müdafiəçini nişan alaraq “xərclədi”.

Dəqiqələr ötdükcə mərkəzdə “Qarabağ”la bacara bilməyəcəyini anlayan “Marsel”in baş məşqçisi Sampaoli komandasına oyunu cinahlara yaymaq tapşırığı verdi. Üstəlik bu dəqiqələrə qədər özünü istər hücum, istərsə də müdafiə planında yaxşı göstərən Bayramovun deyil, məhz daha inamsız təsir bağışlayan Veşoviçin cinahı hədəf olaraq seçildi. Hadisələri qabaqlayaraq qeyd edim ki, bu taktika yekunda işə yaradı və Markonun bir epizodda inamsız oyunu xətalar zəncirinə və yekunda komandamızın qapısında ikinci qolu görməsinə səbəb oldu.

Matçboyu aktiv olan, topa daha çox sahib çıxan (49/51%), daha çox ötürmə verən, rəqibindən daha çox təhlükəli hücum yaradan və daha çox qaçan "Qarabağ"ın tablodakı 3:1 yazısı ilə barışmağa məcbur qalmasının əsas səbəbi isə ayrı-ayrı oyunçular arasındakı səviyyə fərqi idi.

Ağdamlıların gürcü qapıçısı Quqeşaşvili oyun ərzində azı 3-4 dəfə real qol vəziyyətində yaxşı reaksiya göstərsə də, çərçivədəki uğurlu reaksiyalarını yan toplar zamanı çıxışlarda sərgiləyə bilmədi. Məhz onun çıxışdakı bir səhvi küncdən zərbəyə, həmin epizodun davamında isə daha bir yanlış hesablaması qapısında qola səbəb oldu. Matçın sonlarında daha bir “həvəskarcasına” çıxışdan sonra buraxdığı qol isə bəlkə də cütün taleyinin həll olunmasına səbəb oldu. Matçın ən uğursuzlarından biri olan qapıçının komandanın digər “zəif bəndi” Medina ilə də anlaşa bilməməsi bir neçə dəfə diqqət çəkdi.

Medinadan bəhs etmişkən, kolumbiyalı Azərbaycan çempionatında hər nə qədər “keçilməz divar” təsiri bağışlasa da, beynəlxalq oyunlarda həmin səviyyənin adamı olmadığı üzə çıxdı. 90 dəqiqə ərzində bir neçə dəfə inamsız davranan mərkəz müdafiəçisi qapımızda gördüyümüz ikinci qolda isə topu adi vəziyyətdə rəqibə hədiyyə etdi. Medinanın ilk qoldan öncəki künc zərbəsi zamanı da “Marsel”in polşalı hücumçusu Miliki gözdən qaçırmasını qeyd etməliyik.

Kevindən fərqli olaraq komandanın kapitanı, ən təcrübəli oyunçularından biri Maksim Medvedev kifayət qədər soyuqqanlı görünürdü. Zamanında etdiyi müdaxilələr, düzgün mövqe seçimi ilə diqqət çəkən Maks hücuma çıxış zamanı da daha diqqətli və dəqiq oynayırdı.

Müdafiənin cinahlarında yazının əvvəlində də qeyd etdiyim kimi, Tural Bayramov aktiv nəzərə çarpırdı. Müdafiəçi cavabdeh olduğu sol cinahı dəhliz kimi istifadə edir. Həm hücumların inkişafında fəal görünür, həm də müdafiə planında yaxşı oynayırdı. Bir epizodda qapı ağzına iti ötürməsinə ayaq qoyan tapılmadısa, digər vəziyyətdə özü qol vurmaq imkanını əldən verdi. Bununla belə, bu oyunu Turalın aktivinə yaza bilərik.

Təəssüf ki, sağ cinaha cavabdeh olan Marko Veşoviç haqqında bunu deyə bilməyəcəyik. Ümumi ansamblın “xaric səsləri”ndən biri olan Marko hücum anlamında aktiv olmağa çalışsa da, müdafiə baxımından axsayırdı. İlk 30 dəqiqədən sonra “Qarabağ”ın pressinq dalğasını qırmağı bacaran meydan sahiblərinin qapıya yaxınlaşmaq üçün onun cinahından daha çox yararlanması da təsadüfi deyildi. Xüsusilə ikinci qolda üzdə Medina günahkar kimi görünsə də, epizodun təməlinin məhz Veşoviçin səhvi üzərində qurulduğu təkzibedilməz faktdır.

Meydanın mərkəzində Qara Qarayev “qara iş”lə məşğul olmağa çalışırdı. Hansısa məqamda bunun öhdəsindən yaxşı gəlsə də, bəzən müdaxilələrə gecikməsi komandasına problem yaradırdı. İkinci qolda isə Qaranın cəmi bir neçə saniyə ləngiməsi ofsaydı pozdu və komanda bunun cəzasını ağır çəkdi.

Qaradan fərqli olaraq onun komanda yoldaşı Patrik Andradeyə matçın ən yaxşılarından biri deyə bilərik. İstər pressinqdə, istərsə də oyun quruculuğunda aktiv çıxış edən futbolçu topu ələ keçirən kimi diaqonal paslarla komanda yoldaşlarını “tapır”, hücumu inkişaf etdirməyə çalışırdı. Elə “Qarabağ”ın yeganə qolunda da assistent rolunda çıxış edən "6 nömrə" 90 dəqiqə ərzində fiziki formasını saxlamağı da bacardı.

Mərkəzdəki “üçlüy”ün digər üzvü Ozobiçi də matçın yaxşılarından biri saymaq olar. Milliləşdirilmiş xorvatiyalı bir neçə uyğun epizodda gah rəqib oyunçunu, gah qapı dirəyini nişan alsa da, meydanın mərkəzindəki işi ilə alqış almağı bacardı.

Qarşılaşmanın ən fəallarından biri, bəlkə də birincisi, faydalı iş əmsalı ən yüksək olan oyunçu şübhəsiz Kadi Borxes idi. 90 dəqiqə ərzində dinamo kimi işləyən, yorulmadan pressinq edən, hücum quran, komanda yoldaşlarını diaqonal ötürmələrlə zərbə mövqeyinə çıxaran Kadi öz “mükafatı”nı 85-ci dəqiqədə aldı. Andradenin qapı önünə iti ötürməsinə ayaq qoyan braziliyalı komandasının ümidlərinin davam etməsinə səbəb olan qolu öz adına yazdırdı.

Kadidən fərqli olaraq, Abdulla Zubir ondan gözlənilən oyunu sərgiləyə bilmədi. Fərdi bacarıqları sayəsində irəlidə top saxlamağı bacaran, lazım olanda tempi salıb, gərək olduqda sürətləndirən fransalı həmyerliləri önündə bu keyfiyyətlərini tam sərgiləyə bilmədi. İlk hissədə bir neçə uyğun epizodda qərar verməyə gecikən Zubir Mandanda ilə üzbəüz qaldığı iki əla qol vəziyyətində isə həmyerlisini keçə bilmədi.

Vadjini də “Qarabağ”ın fəal, amma faydalı iş əmsalı olduqca aşağı üzvlərindən biri kimi qeyd etmək olar. Seneqallı hücumçunun əsas tapşırığı rəqib müdafiəçilərinin arxasına atılan uzun toplar zamanı sürət yığmaq və təkbətək çıxıb təhlükə yaratmaq olsa da, o ya topa gecikir, ya mübarizədə rəqibə uduzur, ya da son zərbəni vurmaqda ləngiyirdi. Bir epizodda cinahdan reyd edib qapı önünə yaxşı ötürmə etsə də, Ozobiçin zərbəsinin alınmaması Vadjinin də assist etmək arzusuna mane oldu.

Ümumi götürdükdə komanda olaraq yaxşı təsir bağışlayan Azərbaycanın vitse-çempionu ayrı-ayrı oyunçularının fərdi səhvləri nəticəsində meydandan məğlub ayrıldı. Necə deyərlər, qurunun oduna yaş da yandı.

İki komanda arasındakı cavab matçı isə fevralın 24-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Xəbər Lenti