Axmaq məşqçinin silsilə axmaqlıqları

20 Noyabr 2023 16:20 Köşə 1 724
Axmaq məşqçinin silsilə axmaqlıqları

Düzü, son 30 ildə milli futbol komandamızın baş məşqçisi postunda Canni de Byazidən axmaq adam görməmişəm.

Axmaq da var, axmaq da.

Bu, lap zır axmaqdır.

Düzdür, o da dünən mətbuat konfransında azərbaycanlı jurnalistləri axmaq adlandırıb, deyib ki, heç vaxt belə axmaq jurnalistlərlə rastlaşmayıb, onlar sadəcə olaraq axmaqdırlar, heç nə edə bilmirlər və axmaq suallar verirlər.

Amma fakt budur ki, de Byazi özü də, İtaliyadan dəstə bağlayıb gətirdiyi məşqçilər korpusu da axmaqdır, budur, 3 ildir heç nə edə bilmirlər, hər dəfə jurnalistlərə və idman ictimaiyyətinə axmaq cavablar verirlər.

De Byazi o qədər axmaq bir məşqçidir ki, artıq onun özünü yox, onu bizə ürcah edən və calayan da söyüşü haqq edir.

Bəlkə kimsə onun yeni gəldiyi vaxtlarda ondan nəsə bir parlaq qələbələr gözləyirdi, amma təvazökarlıqdan “San Siro” stadionu qədər uzaq olsa da, deyim ki, adamın ilk brifinqində dediklərinin bir neçə cümləsinə qulaq asandan sonra onun axmaq adam olduğunu sezdim və yazdım ki, bu adam Bakıda heç bir spagetti və ya pitsa yeyə bilməyəcək. Hətta 2021-ci ilin sentyabrında onun rəhbərlik etdiyi milli komandamızın növbəti biabırçı məğlubiyyətindən sonra belə bir başlıqlı yazı da yazmışdım: “De də, de, De Byazi, de, görək, bu nə oyundur?”
Həmin vaxt o, Qaradağ rayonu qədər ərazisi və əhalisi olmayan Lüksemburqa uduzmuşdu. İndi yekə-yekə deyir ki, bu, Belçikadır, əjdahadır. Bəs Lüksemburq nəydi, lotu?

Adam o qədər axmaqdır ki, durub futbolu idman maşınları ilə müqayisə edir, deyir, “Fiat” ilə “Ferrari”ni ötmək mümkün deyil.

Ay axmaq, “Fiat” da İyaliya maşınıdır, “Ferrari” də, sənə hər ay bir xaral pulu ona görə verirlər ki, oyunçularını “Ferrari” kimi yetişdirsən. Yox, bizimkilər “Ferrari” kimi şütüyəcəkdilərsə, ondan sənə nə ehtiyac vardı?

İkincisi, dünyanın istənilən ölkəsindəki futbolçuların bir-birindən motoru, porşeni, əyləc sistemi artıq deyil. Hamısında eyni cür əzalardır: ürək, ciyər, dalaq, qol, qıç və sair. Heç bir futbolçuya 5,5 motor qoymurlar. Hamısı da aşağı-yuxarı eyni qida rasionu ilə qidalanır, eyni cür kalori qəbul edir. Müasir futbolda futbolçunun başqa futbolçudan üstünlüyü yalnız ustalığında, hazırlığında, məşq intensivliyində, məşqçilərinin onlara öyrətdiyini əxz etmələrindədir.

Belə anlaşılır ki, de Byazi kimi axmaqların özü və komandası sallana-sallana bazaya gəlir, meydana 4-5 top atıb “çıxın, bildiyiniz kimi, məşq edin” deyir, oyunçular da bir az məzələnir, bir az əylənir, zarafatlaşır, dağılışırlar.

Bu da olur məşq. Yoxsa gərgin məşqdən sonra otursunlar monitorinqin qabağında, rəqibi təhlil etsinlər, kimi necə bağlayacaqlar, matçın hansı dəqiqəsində pres tətbiq edəcəklər, hansı müddət aralığında rəqibə nəfəs aldırmayacaqlar, necə əks-hücuma çıxacaqlar, A planı nədir, B planı necə olacaq... belə şey yoxdur. Bunlarınkı budur: “Məmmədağa, vur qabağa”.

Bu da deyir, bizim “Ferrari”miz yoxdur. Kosta-Rikanın nəinki “Ferrari”si, heç eşşək arabası da yoxdur, amma gəldi mundialda ad qoydu, getdi. İlin 9 ayı qarın-buzun içində olan İslandiyada eləcə motorlu qar maşını var, amma 4-5 il öncə Avropanın ən güclü komandalarını ard-arda çilədi.

Uzun sözün kəsəsi, bu axmaq adamı bu ölkədən iti qovan kimi qovmaq lazımdır. Ölkəmizin adını yerlə bir etdiyi bəs deyil, hələ jurnalistləri, dolayısı ilə idman ictimaiyyətini təhqir edir.

Belçika-Azərbaycan matçına internet TV-lərdən birində baxırdım, şərhçilər Anadolulu qardaşlar idi, ikinci hissə başlayanda dedilər ki, indi Azərbaycan komandasının rəhbərliyi matçın bir an öncə başa çatmasını istəyir.

Onlar da qorxurdular ki, birinci hissədə Lukakudan 4 qol yeyən komandamız ikinci hissədə də o qədər qol buraxacaq, biabırçılıq olacaq. Halımıza acıyırdılar. Yaxşı qurtardıq.

Bu adamla da qurtarmaq lazımdır. Könül istər ki, bu yazı dərc olunandan yarım saat sonra Canni de Byazinin baş məşqçi postundan qovulması barədə xəbər gəlsin və müəllif məcburən yazısına belə bir P.S. artırsın: “Yazı de Byazinin qovulmasından yarım saat öncə dərc olunub”.

Samir SARI

Xəbər Lenti