
Avro-2020-yə ev sahibliyi edən 12 şəhər UEFA-nı stadionlara az sayda azarkeşlərini buraxacaqları barədə məlumatlandırıb.
Bəzi şəhərlər stadion tutumunun 10 faizi miqdarında tamaşaçı qəbul etməyə hazırdırlar. UEFA və qurumun prezidenti Aleksandr Çeferin bu rəqəmdən razı deyil.
UEFA ilə hər şəhərdəki turnir təşkilatçıları arasında məsləhətləşmələr davam edir. Yekun qərarın UEFA-nın aprelin 20-də keçiriləcək Konqresində veriləcəyi gözlənilir.
Təşkilatçılar azarkeşlərin stadiona buraxılması ilə bağlı qitə futbol qurumuna aprelin 7-dək məlumat verməli idilər. Əks halda, onlar yarışa ev sahibliyi hüququnu itirmə təhlükəsi ilə üzləşə bilərdilər.
Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir.
Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Bu səhər xəbər verdiyimiz kimi, Bakıda keçiriləcək AVRO-2020-nin oyunları ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib.
Baş nazir Əli Əsədovun iştirakıyla düzənlənən toplantıda UEFA-nın qaldırdığı məsələlər geniş müzakirə olunub. Buna əsasən, rəsmi Bakı Avropa futbol qurumu qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəyi dəqiqləşib.
Bura əcnəbi vətəndaşların Azərbaycana səfərinin təşkili, təhlükəsizlik, pandemiya ilə bağlı yeni qaydaların icrası və ona nəzarət, həmçinin digər təşkilati məsələlər daxildir.
Mötəbər qaynaqlardan əldə etdiyimiz yeni məlumata görə, rəsmi Bakı UEFA-nı ən çox razı salan qərar verib. Belə ki, paytaxtımızdakı hər oyuna 50 faiz azarkeş buraxılacaq.
Yəni ki, Bakı Olimpiya Stadionunun ümumi tutumunun yarısı qədər. Bu isə qaarşılaşmalrın 30 min fanat tərəfindən canlı izlənməsi deməkdir.
Üst-üstə toplasaq, Bakıda 120 min futbolsevər arenanın qapısından içəri keçəcək.
SPORTİNFO.AZ