"Yola verək, getsin" - Qurban Qurbanov ürəyini boşaltdı

10 Noyabr 2023 00:40 Qarabağ 3 600
"Yola verək, getsin" - Qurban Qurbanov ürəyini boşaltdı

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 4-cü turunda doğma meydanda "Bayer"ə 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən tərəfdarıyam ki, özümüz daha diqqətli olmalıyıq. Xüsusən də, belə komandalara qarşı .Məğlub olduq. Amma 90 dəqiqə heç olmasa azarkeşlər yaxşı mübarizə, yaxşı oyun izlədilər. Bu cür komandanı, bu cür futbolçuları canlı gördülər. Belə oyunlar futbolumuzun inkişafına, sevilməsinə böyükl fayda verir.

- Demişdiz ki, "Bayer"ə qarşı əvvəlkindən daha yaxşı çıxış edəcəyik. Qısa müddətdə bu qədər dəyişikliyə necə nail olduz?

- Futbolçuların köməyi ilə. Böyük hesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol vurmaq problem deyil. Hər tur bunu görə bilirdik. Futbolçular həqiqətən rəqibi analiz edəndə, çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, çox səbirli oldular. Məncə, birlikdə yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq.

- Arxa xətt oyunçuları dəyişdiz. Zədələri var idi?

- Müdafiə xəttində nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə qarşı ilk onbirliklə hazırlaşırıq. Onlar daha yaxşı icra edirlər tapşırığı. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin də çox yorulmuşdu. Özü istədi. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Elvin və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı.

- Penalti epizodunu necə şərh edərdiz? Belə epizod Almaniyada olsaydı, verərdilər penaltini?

- Yalan deyərəm, verərdilər, ya yox. Versəydilər də, daha çox düşünəcəkdilər. Belə epizodlarda həmişə böyük klublara simpatiya daha çox olur. Hakimə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir? Almaniyada olsaydı, 100 faiz verməyəcəkdilər

- Maksim Medvedev oyundan sonra sizinlə danışdı?

- Maksimi görmədim. Meydanda idi. Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər belə oyunlarda bu cür penaltilər olub ki. Dünən "Mançester Yunayted"in oyununda ikinci qolda həm qırmızı, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Qaydalardı, demək çıxa bilmirlər bundan. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur.

- Andrey Lunyovun vəziyyəti nə yerdədir?

- Dizində ciddi ağrı var. Bəlkə yenidir. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Görək də. Ola bilər ki, sabah dəqiq məlumat verək.

- Beş gün öncə "Kəpəz"lə matçda 200 tamaşaçı izləyirdisə, bu gün stadion dolu idi. Bu dizbalans futbolçulara mənfi təsir edir?

- Çox təsir edir. Çox istəyərdik ki, milli çempionatımızda da bu qədər azarkeş olsun. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra etmək üçün azarkeş böyük köməkdir. Biri var ki, futbolçular meydanda danışanda bir-birini eşidirlər, biri də var azarkeşlə olan oyun. Azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi düşünməliyik. Futbolu sevdirməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, hamımız futbolu ölkəmizə sevdirməliyik. Olmasa, çempionatlarımızda tribunalar boş qalacaq. Azarkeşssiz futbol, futbola bənzəmir. Deyirlər ki, Azərbaycanda futbolu sevmirlər, azarkeş yoxdur. Xeyr, var. Böyük azarkeş kütləsinə sahibik. Sadəcə hansısa yollarla dil tapıb, matçlara cəlb etmək olar. Stadionda 10-15 min azarkeş olsa, hamımız məsuliyyətli olacağıq. Məğlubiyyətdən daha da qorxacağıq, ustalıq daha tez artacaq. Amma üç gündən sonra "Səbail"lə oyuna çıxacağıq, görək nə qədər azarkeş olacaq.

- "Qarabağ" beşli müdafiəyə keçəndə, qol buraxır. "Viktoriya"(Plzen), "Neftçi" və bu gün. "Qarabağ" dördlü müdafiəni sanki daha çox bacarır, beşli müdafiəyə keçəndə komanda qol buraxır...

- Belə düşünməzdim. Bəli, beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Elvinin çıxması dizbalans yaratdı. Bizim bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. İstəmədən üç oyunçu dəyişikliyinə getdik. Sistem pozulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil.

- Qapıçının zədələnməsi və müdafiədəki çaxnaşma bu nəticəyə gətirib çıxardı...

- Heç bir çaxnaşma olmadı. Bir epizod idi. Uzun toplar oynayırdılar, heç nə yox idi. Texniki epizod idi.

- "Çerez sebya" oldu..

- Futbolçuları da nəzərə almaq lazımdır. "Bayer" böyük komandadır. Hər epizoddan istifadə etməyi bacarırlar. Yola verək, getsin (gülür).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"