"Məni uzaqlaşdırdılar, qoy olsun, qayıtmağın mənası nədir?"

10 May 2020 09:20 Digər növlər 563
"Məni uzaqlaşdırdılar, qoy olsun, qayıtmağın mənası nədir?"

2017-nin yanvarına qədər “Formula-1”ə rəhbərlik edən, hazırda isə fəxri prezident olan Berni Ekklstoun dünya idmanının ən ekstravaqant fiqurlarından biridir.

Sportinfo.az xəbər verir ki, oktyabrda 90 yaşını tamamlayacaq ünlü ingilis biznesmen geniş müsahibəsində bir çox maraqlı məqamlara toxunub.

- İşləriniz necədi? Çoxdandı görünmürsüz...
- Hər şey yaxşıdı, mən burdayam, heç yana qaçmamışam. Qəzetlərə inansaq, koronavirus üzündən indiyə qədər çoxumuz o dünyaya yollanmalıydıq, ancaq görünür, bu mənə aid deyil.

- Ölümlə bağlı fikirlər sizi narahat edir?
- Yox. Ümumiyyətlə, məni heç nə narahat etmir.

- Deməli, yaşlandıqca həyat haqda düşüncələrə yenik düşməmisiz?
- Düşüncələrə yenik düşmək? Yox.

- Və siz heç vaxt keçmişi xatırlamırsız?
- Yox.

- Niyə?
- Çünki dünəni qaytarmaq mümkün deyil.

- Və siz hətta 89 yaşda da irəli baxırsız?
- Həmişə hansısa imkanlar axtarıram. Və imkan olanda onlardan yararlanıb-yararlanmamaq mənə maraqlı gəlir. Kimsə mənim hansısa planlar qurduğumu düşünürsə, bütün bunlar sayıqlamadı. Heç vaxt heç nə planlaşdırmamışam.

- Heç vaxt həyatda hansısa planınız olmayıb?
- Yox. İmkanlar yaranan kimi onları gözdən keçirmişəm. İşi davam etdirirəmsə, hansısa imkanlar yaranır. Və həmişə belə olub.

- Niyə başqalarıyla müqayisədə sizin üçün belə imkanlar daha çox yaranır?
- Mən çox sürətlə qərar verirəm. Və sonradan hansısa qərarlar mənə uğursuz kimi görünəndə də dərhal vəziyyəti düzəltməyə çalışıram.

- Haçansa qəbul etdiyiniz qərarlardan hansını ən yaxşı sayırsız?
- Ümid edirəm ki, yaxşı qərarlarım pislərdən daha çox olub. Siz məni divara dirəyib cavab tələb edərsizsə, deyə bilərəm ki, bazar günü yürüşlərinin hamısını eyni vaxta təyin etmək yaxşı qərarım idi. Belədə teleşirkətlər sabit translyasiya qrafiki qururdu. Bu, sərt müqavimətlə üzləşən cəsarətli qərar idi. Ancaq biz bu qərarı verdik və o da “Formula-1” dünyasını dəyişdi.

- Sizi həmişə ilk növbədə pul maraqlandırıb?
- Birmənalı şəkildə yox.

- Bəs onda nəyin hesabına “hərəkətlənirdiz”?
- Öz işimi yaxşı yerinə yetirmək arzusunun. Pul heç vaxt əsas amil olmayıb.

- Daim uğura köklənirsizsə, bu o deməkdi ki, iflasdan ehtiyatlanırsız?
- Mən heç vaxt iflas haqda düşünməmişəm.

- Ancaq hər halda, müəyyən uğursuzluq qorxusu var.
- Yox, heç bir qorxu hiss etmirəm.

- Axı, nələrsə yolunda getməyə bilər, bundan ki ehtiyatlanmalısız.
- Yox. Doğru saydığım işi görürəm. Həmişə belə etmişəm. Və təkcə özüm üçün yox, birgə iş gördüyüm adamlar üçün də belə edirəm. Sövdələşmələr bağlamağı sevirəm. Təsəvvür etmirəm ki, nə vaxtda bu yöndə imkanlar axtarmaqdan əl çəkəm.

- Sövdələşmələr üzündən heç vaxt münaqişəniz olmayıb?
- Xatırlamıram...

- Nə vaxtsa verdiyiniz sözü tutmadığınız hallar olubmu?
- Yenə də heç nə xatırlamıram. Bəlkə də xırdalıqlar olub. Amma ciddi heç nə.

- Siz yetərincə sadə adamsız. Ancaq “Formula-1”də özünü ədəbsiz aparan adamlar da çoxdu. Onlarla yola getmək çətin deyilmi? Daim çempionatdan çəkiləcəyi ilə təhdid edən “Ferrari” haqda nə deyərdiz?
- Heç vaxt buna fikir verməmişəm. Mən elə adamam ki, yalnız istədiyimə diqqət yetirirəm. “Ferrari”də çalışanlar “Formula-1”dən getmək istəsəydilər, çoxdan gedərdilər. Ancaq onlar heç vaxt bunu istəməyiblər. Entso Ferrari ilə münasibətlərə dair yalnız xoş təəssüratım var. Başqalarını tam fərqli fikir söyləsə də, mənə daim həqiqəti deyib.

- Nə vacibdi – “Formula-1”, yoxsa “Ferrari”?
- Düşünürəm ki, “Ferrari”siz “Formula-1” dəyərdən düşər. “Ferrari” brendi o qədər möhtəşəmdi ki, “Formula-1”dən gedə və yenə də önəmini qoruya bilər.

- “Formula-1”dəki işinizə görə darıxırsızmı?
- Yox. Elə həmin adamlarla da ünsiyyəti davam etdirirəm. Onlar yanıma gəlirlər, fikirlərimi soruşurlar.

- Hər yarışa baxdığınızı deyirsiz. “Formula-1” əvvəl olduğu kimi maraqlı gəlirmi?
- İndi hamını ötmələrin sayı qayğılandırır. Ancaq yürüşlər özü heç də həmişə olduğundan ciddi şəkildə fərqlənmir. Əsl rəqabətin getməsi çox vacibdi. Bir komandanın dominantlığı hamını məyus edir.

- Bəlkə nəyisə dəyişmək lazımdı? Yürüşlər qısa olsaydı, müasir publikanın maraqlarına daha çox cavab verərdi. Məgər belə deyil?
- Bunun doğru yol olduğunu düşünmürəm. “Formula-1” yarım əsr ərzində formalaşıb, niyə nəyisə dəyişək? Demək istəyirəm ki, dünya necə sürətlə dəyişirsə, adamlara gerçəkdən nəyin lazım olduğunu, hansı əyləncələrin onları razı saldığını anlamaq çətindi. Həqiqətən də hər yarışa baxıram. Düzünə qalsa, müasir “Formula-1”i tənqid edirəm. Ancaq yarışları yox, komandaların necə çalışmasını, pilotların hərəkətlərini. Pilotun yanında komandanın piarla məşğul olan hansısa əməkdaşının əlində diktofon getdiyini, pilotun dediklərinə nəzarət etdiyini görəndə məyus oluram. Adam emosiyalarına meydan verirsə və danışmaq istəyirsə, qoy danışsın.

- Belə çıxır ki, hər şey siyasi düzəlişə məruz qalır?
- Bəli. Hər şey çox steril olub. Risk etməyə imkan verməyən ən müxtəlif qaydalar çıxarıblar. Əvvəllər elə olurdu ki, hər yürüşdən 5-6 maşın çəkilirdi – ya sınırdı, ya da pilotların risk etməsi üzündən yoldan çıxırdı. İndi isə qələbə kimin pit-stopu daha yaxşı keçməsindən asılıdı.

- Bəs çıxış yolunu nədə görürsüz?
- Kimsə bütün qaydalar toplusunu cırmalı və yeni qaydalar yazmalıdı. “Formula-1”in əsas prinsiplərini qorumaq, ancaq bütün bu supermürəkkəb texnologiyalardan qurtulmaq lazımdı. Və bir də pilotlara nəyi etməməli olduqlarına dair izahatları yığışdırmaq lazımdı. Mən imkanlarının son həddində yaşayan və yarışan idmançılar görmək istəyirəm. İşi qəzaya aparmaq lazım deyil, ancaq azarkeşlər də təkər-təkərə mübarizənin getdiyi əsl yarışlar izləməlidilər. Trassda toqquşma zamanı Nelson Pikenin maşından çıxaraq Yeliseo Salazaraın üzərinə xoruz kimi şığıması yadınıza gəlirmi? Adamların xoşuna gəlmişdi. Axı, bu insan xarakterinin ifadəsi idi.

- Müasir “Formula-1”in ən yaxşı pilotu kimdi?
- Avtomatik Lüis Hemiltonun adını çəkərsiz. Ancaq bəlkə başqa oğlanlar da var ki, “Mersedes”də çıxış etsəydilər, işin öhdəsindən Lüisdən də yaxşı gələrdilər. Məsələn, Maks Ferstappen – buna qəti əminəm. Sözsüz, Sebastyan Fettel, baxmayaraq ki, bir qədər geriləyib. Bütün pilotlar gördükləri dəstəyə uyğun dərəcədə yaxşıdılar. Lüis komandasından maksimal dəstək alır.

- Fettelə nə olub?
- Əvvəllər də belə şeylər olub: qəfil yoxluqdan yaxınlara qədər heç kimin haqqında nəsə eşitmədiyi bir oğlan peyda olur və yüksək nəticələr göstərməyə başlayır. “Ferrari”də hamı dərhal Şarl Leklerə vuruldu. Sebastyanla münasibətlərim yaxşıdı, ancaq bu mövzuda heç danışmamışıq. Hərçənd təsəvvür edirəm ki, arxa plana atılması onu çox incik salıb.

- Meneceri olsaydız, ona nə məsləhət görərdiz?
- Seb çox çətin duruma düşüb. İlin sonunda onun “Ferrari” ilə müqavilə müddəti bitir. Sebastyan bu il nəyə qadir olduğunu göstərərsə, “Ferrari”də qalmalıdı. Əks halda... Vaxtilə o, “Red Bull”da hər şeydən razı idi, həmin komandada hamı Sebi sevirdi.

- Onun “Red Bull”dan getməsinə dəyərdi?
- Dərindən düşünsək, dəyməzdi. Ancaq güman edirəm ki, pilotların əksəri “Ferrari”də çıxış etək istəyir. Məncə, o, həmin komandaya keçidin maddi baxımdan daha doğru olduğunu düşünürdü.

- Özünüzü necə xarakterizə edərdiz?
- Düşünmək istəyərdim ki, adamlar məni ədalətli birisi sayırlar.

- Ancaq hətta dostlarınız da deyirlər ki, xoşagəlməz və çox sərt adamsız...
- Yox, ancaq... Bir neçə gün əvvəl bu haqda düşünürdüm. Müharibə illərində məktəbdə “peraşki” satmaqdan tutmuş bütün sonra olanlara qədər sövdələşmələrimin hər birinin mahiyyəti ona gəlib ki, sən ya alırsan, ya da satırsan. Bu isə o deməkdi ki, sövdələşdiyin digər adan da ya aldığına, ya da satdığına görə şaddı. Bundan daha ədalətli nə ola bilər?

- Nəyə görəsə təəssüflənirsizmi?
- Hə, bir məqam var...

- Hansıdı?
- Təəssüf ki, 2008-də “News of the World” tabloidi ilə bağlı qalmaqalda Maks Moslini dəstəkləmədim. Hədsiz çox adam deyirdi ki, bu qalmaqaldan sonra onun FIA prezidenti postunda qalmaq haqqı yoxdu. Və mən ona yetərincə dəstək vermədim. Ona üzrxahlıq etdim, ancaq münasibətlərimiz müəyyən müddət ərzində pozuldu.

- O sizi bağışladı?
- Düşünürəm ki, Maks seçim imkanımın olmadığını anladı. Ancaq həmin tarixçə onun şəxsi həyatıyla bağlı idi və heç bir halda ictimai müzakirəyə çıxarılmamalıydı.

- “Formula-1”ə qayıtmağınızla bağlı şans varmı?
- Xeyr. Bunun üçün səbəb yoxdu. Məni uzaqlaşdırdılar, qoy olsun, qayıtmağın mənası nədi?

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu