“Mənimlə prinsip aparmağa başladı, ona haqqımı halal etmirəm”

23 Sentyabr 2021 20:20 Bizimkilər 964
“Mənimlə prinsip aparmağa başladı, ona haqqımı halal etmirəm”

Məlum olduğu kimi, millimizin futbolçusu Namiq Ələsgərovun “Bursaspor”da baş məşqçisi müəyyənləşib.

2010-cu ildə sensasion şəkildə Türkiyə çempionu olmuş Bursa təmsilçisini bundan sonra Özcan Bizati çalışdıracaq.

Maraqlı burasındadır ki, 53 yaşlı Bizati ilk dəfə azərbaycanlı futbolçuya baş məşqçilik etməyəcək. O daha əvvəl “Dənizlispor”da millimizin üç sabiq futbolçusunu çalışdırıb.

Bunlar hazırda “Keşlə”də çıxış edən Rail Məlikov, “Sabah” klubunun əvəzedici komandasında məşqçi işləyən Saşa Yunisoğlu və “Dənizlispor”dan ayrıldıqdan sonra karyerasını başa vuraraq şəxsi bizneslə məşğul olan Arif İsayevdir.

Sportinfo.az xəbər verir ki, oxu.az hər üç şəxsi taparaq Özcan Bizati haqda fikirlərini öyrənib. Rail Məlikov və Saşa Yunisoğlu Bizati barədə mənfi, Arif İsayev isə müsbət fikirdədir:

Rail Məlikov: “Namiq Ələsgərova nəsə deməyimə ehtiyac yoxdur. Özü onsuz da zamanla görəcək. Əslində Bizatinin birinci dəfə mənlə münasibəti yaxşı idi. Ancaq mən bir il qayıdıb “Qəbələ”də oynadıqdan sonra məndən küsdü. İkinci dəfə “Dənizlispor”a qayıdanda mənimlə prinsip aparmağa başladı. Ona haqqımı halal etmirəm. Namiq öz oyununu oynasın. Onsuz da o orda öz mövqeyində güclüdür. İnşallah, öz oyununu göstərdikdən sonra heç bir problemi olmaz”.

Saşa Yunisoğlu: “Bu insan haqqında xoş söz deyə bilmərəm. “Dənizlispor”da mənə haqsızlıq edildi. Zədə alanda mənə yaxın duran olmadı. Dizimdəki zədəyə görə iynə vurdurub meydana çıxırdım. Özcan Bizatigil komandaya yeni gələndə xahiş etdim ki, məni MRT-yə göndərin. Bundan sonra mənlə problemlər başlandı. O, zədəm var deyə məni əsas komandadan uzaqlaşdırdı. Halbuki o anadək əsas heyət üzvü idim. Çempionatın bitməsinə bir ay qalmış mənə qarşı hər şey etdilər, məni ikinci komandaya göndərdilər. Hətta məni yemək yemək üçün bazaya belə buraxmırdılar. Əsas heyətdə köklü dəyişikliklər etmişdi. Sonradan mən klubdan şikayət etdim və həmin işi uddum. Onun köməkçilərindən biri də “Neftçi”də oynamış futbolçu (Ləvənt Kartopu nəzərdə tutur – S.M.) idi. Bizatinin məşqçilər heyəti mənə qarşı çox haqsızlıq edib. Bildiyimə görə, Rail də onunla problem yaşayıb. Lakin Arif karyerasını tez bitirdi deyə, onunla elə bir problemi olmayıb”.

Arif İsayev: “Onun əlinin altında olduğum qısa müddətdə heç bir problemim olmayıb. Onun problemi klub rəhbərliyi ilə olub. Bizatinin vaxtında oyunumuz daha da yaxşılaşmışdı, müasir futbol oynatmağa çalışırdı. Açığı, onun məşqlərindən, oynatdığı futboldan da razı idim. Böyük ehtimalla, “Bursaspor”da da yaxşı nəticə əldə edəcək. Ötən mövsüm Super Liqada “Gənclərbirliyi”ni çalışdırmış məşqçidir. Namiqə də uğurlar arzulayıram. “Bursaspor” köklü klubdur. İnşallah, komanda turnir cədvəlində irəliləyər və Super Liqaya vəsiqə qazanar. Namiqə turnir cədvəlində aşağı yerdə olmaq yaraşmır”.

Dənizlidən olan Özcan Bizati üç dəfə yerli komandada işləyib. O, “Dənizlispor”da 2009/10 mövsümündə köməkçi, 2013 və 2013-2015-ci illərdə isə baş məşqçi olub.

Əvvəlcə 2013-cü ildə Arif İsayev, 2013/14 mövsümünün sonunda Saşa Yunisoğlu, 2013-cü il və 2014/15 mövsümündə isə Rail Məlikov bu məşqçinin rəhbərliyi altında olub.

Digər Xəbərlər
Xəbər Lenti