Bundan real döyüşdə ilk dəfə Azərbaycan istifadə edib - VİDEO

15 May 2021 14:50 Bizimkilər 1 251
Bundan real döyüşdə ilk dəfə Azərbaycan istifadə edib - VİDEO

Azərbaycan münaqişənin hərb yolu ilə həllini heç vaxt istisna etmirdi, odur ki, mümkün əməliyyatlara hazırlığını daha əvvəldən başlamışdı.

Bu hazırlıqlar çərçivəsində əsas məqsəd düşmənin Qarabağ ərazisi ilə əlaqələrini kəsməkdən və onun ehtiyat qüvvələrinin manevrlərini maksimum məhdudlaşdırmaqdan ibarət idi.

Bu məqsədlə atılan addımların qısa xronoloji ardıcıllığına nəzər salaq.

Əvvəlcə 2016-cı ildə Lələtəpə yüksəkliyini erməni silahlılarından azad etməklə Cəbrayıl-Fizuli, Talış kəndini azad etməklə Madaqiz-Ağdərə yoluna atəş nəzarəti təmin edildi. 2018-ci ildə isə Naxçıvanda Qızıl qaya və Xunutdağ yüksəkliyini ermənilərdən təmizlənməsi Qafan-Gorus-Laçın yolunun Ordumuzun iri çaplı atıcı silahlarının atəş zonasına daxil edilməsinə imkan verdi. 2020-ci ilin payızında başlanan Vətən Müharibəsinin ilk günlərində isə Mürov yüksəkliyinin erməni işğalçılarından təmizlənməsi, hissə və bölmələrimizin Basarkeçər (Vardenis)-Kəlbəcər yolununa atəş nəzarətini təmin etdi.

LORA taktiki raketinin döyüşdə ilk istifadəçisi Azərbaycandır

Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsində bir neçə silah sistemlərini ilk dəfə hərbi əməliyyatlarda uğurla istifadə etməklə adını dünya hərb tarixinə yazdırdı. Onlardan biri də bəhs etdiyimiz birpilləli və qatı yanacaqlı LORA operativ-taktiki raket kompleksidir. Bir çox ehtimallara görə Azərbaycan Ordusu bu raket kompleksindən ilk dəfə Ermənistanı seperatçı Dağlıq Qarabağ rejimi ilə birləşdirən, Laçın rayonunun Aşağı Sus kəndinə yaxın ərazidən axan Həkərə çayı üzərindəki körpünü sıradan çıxarmaq üçün istifadə edib.

Növbəti erməni təxribatı ilə sentyabrın 27-də başlayan Vətən Müharibəsində Azərbaycan, KTMT-yə müdaxilə şansı verməmək üçün Qafan və Gorus rayonları ərazisindən Qarabağa hərəkət edən erməni ordusunun ehtiyatlarına Naxçıvan ərazisindən atəş zərbələri endirməyə üstünlük vermədi. Əvəzində isə ordu rəhbərliyinin Ermənistanı və seperatçı Dağlıq Qarabağ rejimi ilə birləşdirən Həkərə çayı üzərindəki körpünü məhv etmək üçün LORA raketindən istifadə ehtimalı haqqında bu qərarı, konkret vəziyyətdə ən doğru addım kimi qiymətləndirilir. Bu qərar Azərbaycan Silahlı Qüvvələrinə "LORA OTRK-nın ilk uğurlu döyüş istifadəçisi" adını qazandırdı. Bunulada Azərbaycan dünya müdafiə sənayesinin məşhur şirkətlərindən biri olan IAI-nin ikinci ölümçül silahının ilk istifadəçisi kimi adını tarixə yazdırdı. Düşmənin tabe ola bilməyəcəyi silah sinfinə aid LORA raketi də 2016-cı ildə ilk dəfə tətbiq etdiyimiz "Harop" kimi, Azərbaycan Əsgərinin istifadəsi ilə texniki xüsusiyyətlərini artıq döyüş şəratində uğurla nümayiş etdirdi.

Bundan başqa hədəfi rəsmən açıqlanmayan, lakin tətbiqinə dair görüntüləri mövcud olan digər istifadə faktları da mövcuddur. Tək onu qeyd etmək istəyirəm ki, LORA-nın hədəfi rəsmən açıqlanmayan atəşinin dağıdıcı gücü, Ermənistanın istifadə etdiyi "İskəndər-M" raketi ilə müqayisədə, dəfələrlə böyük olub. Bunu Araik Arutunyan daha yaxşı xatırlayır.

Azərbaycanın İsrail ilə hərbi texniki sahədə əməkdaşlığı

Azərbaycan İsrail ilə bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə sıx əməkdaşlıq edir. LORA raketlərinin alınması heç kim üçün sürpriz olmasa da, onun əldə edilməsinə dair açıq mənbələrdə rəsmi məlumatlara rast gəlinmir. LORA operativ-taktiki raket kompleksi (OTRK) Azərbaycan ictimaiyyətinə ilk dəfə 2018-ci ildə keçirilən Hərbi paradda nümayiş etdirilıb. Kompleks Azərbaycana bir çox silah sistemləri, o cümlədən də "Harop" zərbə PUA-larını ixrac edən "Israel Aircraft Industries" (IAI) şirkətindən əldə edilib. Azərbaycana atəş məsafəsi 300 km-ə qədər olan eksport versiyası çatdırılıb. Atəş məsafəsinin azaldılması onun məlum beynəlxalq konvensiyanın şərtlərini pozmadan ixracına imkan verməklə bərabər raketin döyüş başlığının kütləsini artırmağa, başqa sözlə desək raketə dağıdıcı qüvvəsini maksimum həddə qədər artırmağa şərait yaradır.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIRPI) məlumatlarında isə Azərbaycan 2017-2018-ci illərdə İsraildən 50-ə qədər LORA raketi əldə etdiyi bildirilir. LORA-nın məhz həmin illərdə alınması şübhə doğurmur, cünki Ermənistan 2016-cı ilin Aprel döyüşlərində məğlubiyyətini və anti-Rusiya ab-havasını "kompensasiya etmək" məqsədilə Rusiyadan dəyəri ödənilmədən əldə etdiyi "İskəndər" raket kompleksini 5 ay sonra İrəvanda keçirilən hərbi paradda nümayiş etdirmişdi. Buna cavab olaraq Azərbaycan İsraildən bir çox silahlarla bərabər həm "İskəndər" raketlərini havada məhv etmək üçün müxtəlif hava hücumundan müdafiə komplekslərini, həm də "İskəndər" raketindən daha dəqiq və güclü LORA raketlərini əldə etməklə rəqibi üzərindəki mütləq hərbi üstünlüyünü rahatlıqla qoruya bilmişdi.

Hazırlanması

LORA operativ taktiki raket kompleksinin hazırlanmasına 2003-cü ildə başlanılıb. 2004-cü ildə Aralıq dənizində uğurlu sınaqlarını tamamlayan LORA kompleksi İistehsalçı şirkət tərəfindən Türkiyəyə və Hindistana təklif edildi, lakin onlar raketlərlə ciddi maraqlanmadılar. Potensial müştəri ola biləcək Hindistan isə daha uzunmənzilli versiya almaq niyyətində idi. Raketin daha üzunmənzilli versiyasının sonrakı müvəffəqiyyətli sınaqları 2006-cı ildə keçirildi və elə həmin ildə "Eurosatory" sərgisində, 2007-ci ildə isə Paris Aviaşousunda nümayiş etdirildi.

Təyinatı

LORA raketləri düşmən müdafiəsinin əməliyyat dərinliklərində yerləşən xüsusi mühüm obyektlərə: HHM batareyalarına, dayanacaqda olan təyyarə və helikopterlərinə, hərbi hissələrin ehtiyat və cəmləşmə rayonlarına, komanda məntəqələrinə, artilleriya və yüksək dəqiqlikli atəş qurğularına, infrastruktur elementlərinə (idarəetmə məntəqələrinə, rabitə qovşaqlarına, elektrik stansiyalarına, təminat və təchizat bazalarına, körpülərə) və sənaye infrastrukturunun əhəmiyyətli obyektlərinə qəfil və dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulub.

Konstruksiyası

Kompleksin əsas elementi olan atıcı qurğu çoxoxlu yük maşınlarına və döyüş gəmilərinin müxtəlif versiyalarına yerləşdirmək mümkündür. Azərbaycanın əldə etdiyi kompleksin atıcı qurğusu, dörd oxlu, 8x8 təkər formulasına və yüksək keçicilik qabiliyyətinə malik "KamAZ-6350" ərazi yük vasitəsinin şassisi üzərində yerləşdirilib.

Hər bir atıcı qurğu üzərində, 4 ədəd LORA raketi yerləşir. Onların hər biri raketin ayrıca atıcı- nəqliyyat konteynerdə daşınır və bu konteynerdən buraxılır. Atıcı qurğuda 4 ədəd raket konteynerindən ibarət paket üfüqi vəziyyətdə daşınır. LORA raketlərı şaquli bucaq altında, yalnız start mövqeyində yerləşdikdən sonra buraxıla bilir.

LORA raketləri səhra şəraitində germetik atıcı-nəqlyyat konteynerlərində 7 ilə qədər saxlanıla bilər.

İdarəedilməsi

İlkin mərhələdə raketin uçuşu dörd ədəd idarəetmə sensoru vasitəsilə nizamlanır. LORA raketinin uçuş trayektoriyası üzrə idarəedilməsi, GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sisteminə (INS) əsalanır, lakin peyk kanalının mövcudluğu da istisna edilmir. Raketin hədəfdən 10 metr yayınması, onun yüksək dəqiqlikli silahlar sinfinə aid edir. Bu dəqiqlik "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, GPS, TCS və datalink hesabına əldə edilir. Hazırda LORA raketləri sinfinin ən dəqiq raketlərindən biridir.

Raketin versiyaları

Azərbaycanın silahlanmasında LORA raketi iki versiyada mövcuddur. Onun fuqas tipli döyüş başlığının kütləsi 240 və 400 kq, kumulyativ döyüş başlığının kütləsi isə 600 kq-dır. Hazırda dünyada ən müasir və effektiv silah sistemləri Azərbaycanın iki böyük hərbi texniki tərəfdaşından biri olan İsraildə istehsal edilir. Digər tərəfdən bu sistemlər yalnız sınaq və təlimlərdə deyil, eyni zamanda davamlı olaraq real döyüşlərdə, o cümlədən Vətən Müharibəmizdə öz imkanlarını təsdiqləyib.

Kompleks rahatlıqla uyğun dəniz vasitələrinə də quraşdırıla bilər.

Taktiki və texniki xüsusiyyətləri

Atəş məsafəsi: 90- 400 km (döyüş başlığından asılı olaraq dəyişə bilir);

Hədəfdən yayınma ehtimalı: 10 m;

Döyüş başlığı:

Qəlpəli fuqas - 240 və 400 kq;

Nüfuzedici - 600 kq;

Daha ağır döyüş başlıqlı LORA-ların mənzili: 250 km;

ÇKütləsi: 1700 kq;

Uzunluğu: 5 m;

Çapı: 610 mm;

Uçuş yüksəkliyi: 45 km.

Nəticə

Atəş zamanı LORA-nın atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər birini müxtəlif hədəflərə paralel olaraq yönəldilməsi, idarəolunan raketlə cəmləşmə rayonunda yerləşən zirehli texnikaları və ya aerodromdakı aviasiya vasitələrini məhv etmək imkanına malik olması, cəmi 10 metrlik hədəfdən yayınması, proqramlaşdırılan kvaziballistik trayektoriyası, 45 km yüksəklikdə uçması, radarlara görünmə əmsalının kiçik olması, daha qısa müddətdə döyüşə hazır olması, universal şassisi və uzun müddət səhra şəraitində saxlanılması sayəsində, bu kompleksin digər analoqları üzərində aşkar üstünlüyünü təmin edir. Döyüş əməliyyatları zamanı rəqibin LORA raketinin aşkarlanması və ona qarşı HHM vasitələrindən uğurlu istifadəsinin qeydə alınmaması, bir daha sadalanan xüsusiyyətləri təsdiq edir. Lakin uzun illər boyu bahalı silah sistemlərini ixrac etmək əvəzinə yerli istehsalımızı inkişaf etdirməliyik.

Ölkəmizdə yaradılan müdafiə sənaye potensialı, ən yaxın tərəfdaşlarımız olan İsrail və Türkiyənin imkanlarından istifadə etməklə silah bazarının tələbat duyduğu idarəolunan və pilotsuz zərbə dronlarının istehsalını ən yüksək səviyyəyə çatdırmalıdır. PUA-larının istehsal sahəsi daim genişləndirilməli, silah bazarının ehtiyac meyarlarına uyğun olan effektiv kamikadzelərin yeni çeşidləri yaradılmalı və müəssisələrin istehsal gücü artırılmalıdır. Əldə olunan nailiyyətlər isə ictimaiyyətə aidiyyəti üzrə təqdim edilməlidir. Görülən işlər və əldə olunan nailiyyətlərə barədə açıqlamalar hər ay mətbuata çatdırılmalıdır. KİV-lərə imkanlarımızı dünyaya nümayiş etdirmək üçün şərait yaradılmalıdır. Artıq MSN-nin silah bazarına konkret ixrac potensialına malik ciddi silah sistemlərini və məhsullarını təqdim etməsinin zamanı çatıb. Buna müharibədə əldə etdiyimiz təcrübə, məsələn idarəolunan aviasiya bombalarının tətbiqi də imkan verir. Bir ölkəyə silah ixrac etmək, həm də bu ölkə ilə ən azı yaxın onillik ərzində münasibətləri zəmanət altına almaq deməkdir. Ümid edirik ki, biz bu ay İstambulda başa tutacaq İDEF-2021 beynəlxalq müdafiə sənayesi sərgisində arzu etdiyimiz bir neçə yeni milli məhsullarımızı müşahidə edə biləcəyik.

Ədalət Verdiyev, hərbi ekspert

Digər Xəbərlər
Xəbər Lenti