MƏŞHUR SİMA: "Hamını bu narkotikə otuzdurublar” - MÜSAHİBƏ

4 Avqust 2020 21:20 Azərbaycan Futbolu 1 313
MƏŞHUR SİMA: "Hamını bu narkotikə otuzdurublar” - MÜSAHİBƏ

Rusiyanın futbol teleşərhçisi Elvin Kərimov sports.ru saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı jurnalist Türkiyə futbolu və özü barədə danışıb.

- Türkiyədə anlaşılmayan çempion oldu. İlk “üçlüy”ə yalnız bir nəhəng düşdü. Nə baş verir?
- Hər şey sadədir: Maliyyə Feyr-Pleyi Türkiyə klublarını yalnız vəsaitlər hesabına və “sata bilmirsənsə, ala da bilmirsən” sxemi ilə yaşamaya vadar edən kimi problemlər yarandı. Nəhənglər çox nadir hallarda top oyunçularını normal pula satır. Buna görə də indi heç kimi ala bilmirlər. Maliyyə Feyr-Pleyi onları futbolçuları icarəyə götürməyə məcbur edir. İndi top klublarda icarəyə götürülən futbolçular artıqlıq edir. Ona görə də 2-3 il əvvəldən normal komanda qurmaq mümkün deyil. Bütün bunlar Türkiyə nəhənglərinin böyük borcları fonunda baş verir. Onların hərəsinin minimum 500 milyon avro borcu var. Bununla yanaşı, qeyri-sağlam iddialar qalmaqdadır, azarkeşlərə Zlatan İbrahimoviçi və Məsut Özili vəd edirlər. Hamını bu narkotikə otuzdurublar: gələn nə olsa da sadəcə futbolçu deyil, adlı-sanlı ulduzdur. Aydındır, Falkao ustadır, “Qalatasaray”da gözəl oynayır, amma mövsümdəki 42 matçdan 19-nu buraxıb. Onun maaşı illik 7, bonuslarla 9 milyon avrodur. “Beşiktaş”da bütün bu icarə ilə bağlı borclardan başqa məşqçi ilə də səhv etdilər. Abdulla Avçı uzun müddət çempion “Başakşəhər”i top səviyyədə saxladı. Amma “Beşiktaş”da böyük uğursuzluğa düçar oldu. “Fənər”də uzun illərdir sistem problemi var. Modriçi “Tottenhem”ə, Suaresi “Liverpul”a gətirən, ümumiyyətlə top transferlərlə məşğul olan Damyen Komollini idman direktoru qoyublar. Yalnız Türkiyədə xüsusi konyunktura var. O da bununla bacarmadı. Komolli avropalı kimi öyrəşib ki, komandanın komplektləşməsi ilə idman direktoru məşğul olur. Amma türk futbolunun öz qaydaları var. Elə “Fənər”in də bütün transferləri ardıcıl ikinci il bütün antirekordları qırır. Ötən il ümumiyyətlə uzun müddət aşağı yuvarlanma zonasında getdilər. İndi 7-ci yerdə bitirdilər.

- İlk “üçlüy”ə düşməməyə görə ən çox isterika keçirən hansı klubun azarkeşləridir. Türkiyənin “Spartak”ı kimdir?
- Əhalinin 30 faizi “Qalatasaray”a, 25 faizi “Fənərbaxça”ya azarkeşlik edir. Amma yəqin ki, daha çox “Fənər” azarkeşləri üzülür. Çünki onlar sonuncu dəfə Allah bilir nə vaxt nə isə qazanıblar. Artıq 7 ildir çempion olmurlar – buna görə Türkiyədə hamı onlara açıq-aşkar gülür. Ötən il Filip Kokunu öz korpusu ayağa verirdi. İki məşqçi komanda barədə məlumatları rəqiblərə ötürürdü. Klub araşdırma apardı, 400-ə yaxın böyük mesaj üzə çıxarıldı. Orada məşq prosesindən, zədələrdən, mövqelərdəki problemlərdən, oyunçuların durumundan hər şey var idi. Onlar bunu Kokuya qədər çalışdıqları əvvəlki baş məşqçi Aykut Kocamanı qaytarmaq üçün edirdilər. Prezident söz vermişdi ki, Koku uğursuz olsa, əvvəlkini qaytaracaqlar. “Fənər”də “Barselona”dakı kimi bir mənzərədir. Sanki Messi məşq etdirir. Əmrə Bəlözoğlu burdadır, həm kapitandır, həm məşqçi, hətta idman direktoru.

- Başa düşmədim, hansı Əmrə Bəlözoğlu? Həminki? Onun yaşı bizim ikimizinki qədərdir axı.
- Bəli, onun 39 yaşı var və sentyabrda 40 olacaq. Məncə, onunla Buffon DÇ-2002-də oynamış yeganə oyunçulardır ki, karyeralarını davam etdirirlər. Özü də Əmrə sadəcə olaraq oynamır, hətta əvvəlki kimi top səviyyədədir. Meydanda olan kimi “Fənər” tam dəyişir, oyunda bir fikir yaranır. Adam öz sağlamlığına meqapeşəkarca yanaşır, Türkiyə futbol tarixinin 5 ən istedadlısı siyahısındadır. Baxmayaraq ki, repitasiyası təzadlıdır. Ona İngiltərədə irqçiliyə görə cinayət işi açmışdılar, Türkiyədə də özünü irqçi kimi göstərib. “Fənər” “Trabzon”la oynayanda Didye Zokoraya söyüş söymüşdü. Sonra cavab matçında “Trabzon” futbolçuları Zokoranın qisasını alıb Əmrəni meydanda sadəcə tapdalamışdılar. Bilərəkdən ayağının üstünə çıxanda hakim də qarışmamışdı. Bax, indi Əmrə real olaraq komandanı çalışdırır. Formal olaraq orda akademiyadan məşqçi olsa da, o heç bir qərar vermir. Hətta belə bir vəziyyət olmuşdu. Əmrəni meydandan qovdular. Tribunada sabiq qapıçı Volkan Dəmirəl oturmuşdu. Bütün qalan vaxtı Dəmirəl baş məşqçinin köməkçisi ilə əlaqədə oldu, onun vasitəsilə Əmrənin tapşırıqlarını, hansı əvəzetmələrin lazım olduğunu baş məşqçiyə çatdırdı. Üstəgəl, Əmrə indi həm də idman direktorudur. Real olaraq oyunçular axtarır. Amma o nəhayət ki, karyerasını başa vurur, onu rəsmən idman direktoru təyin etməlidirlər.

- Başqa hansısa maraqlı məqam var? Yeşenkonun üzərində ayı olan maykaları tipdə...
- Yenicə liqanı 21 komandaya yüksəltdilər. Heç bir komanda aşağı düşmədi, üçü gəldi. Yeni mövsüm sentyabrın 11-də başlayacaq, mayın 16-da bitəcək. 40 tur olacaq. Digər aktual məsələ Türkiyədə limitin sərtləşdirilməsidir. İndi sifariş vərəqində 14+14 qaydası tətbiq edilir. 2021/22 mövsümündən isə heyətə də tətbiq olunacaq. Əvvəl 8 legioner və 3 türk olacaqsa, sonradan daha da sərtləşəcək. Ümumiyyətlə, son 15 ildə Türkiyədə 9-cu dəfə limit dəyişir. Sonuncu – 14+14 qaydası 2015-ci ildən qüvvədə idi və türk futboluna çox müsbət təsir etdi. Yerli gənc oyunçular Avropaya getməyə başladı, milli də indi gənc və güclüdür. Komandada heç vaxt Avropa klublarından bu qədər futbolçu olmayıb. Amma bu, türk agentlərə maraqlı deyil. Onlar həmişə sərt limit olması üçün təzyiq ediblər. Belə olanda qazanmaq daha rahatdır. Burada məsələ bundadır: etnik türklər Türkiyədə legioner sayılmır. Limit yenidən sərtləşəndə Almaniya və Niderland klublarının rəhbərləri şampan butulkasını açırlar. Çünki onlar bütün 2-ci və 3-cü liqalardakı bütün yararsız türk futbolçuları yaxşı qiymətə Türkiyəyə satırlar. İndi türk klubları yenidən oradan oyunçu götürməli olacaq. Çünki start heyəti üçün türklər lazımdır.
“Qalatasaray”da ən əfsanəvi limitə düşən Tarık Çandal var idi. O, klubda 5 il keçirən, ümumilikdə 30 matça çıxan, heyətə düşməsə də, klubdan 20 milyon avro qoparan oyunçu idi.

- Son mövsümdə qalmaqallı nə isə olub? Məsələn bizim “Soçi” – “Rostov” oyunu kimi...
- Hərbi mövzu ilə bağlı bir hadisə oldu. Türklər çox vətənpərvər xalqdır, onlar öz ordusu ilə fəxr edir, onun hərbi kampaniyalarını dəstəkləyirlər. Suriya məsələsində prezidentə dəstək əlaməti olaraq “Rizəspor”un baş məşqçisi oyuna kamuflyajda çıxdı və himn zamanı bu geyimlə dayandı.

- Əlində avtomat?
- Yox, onsuz. “Rizəspor”un futbolçuları da kamuflyaja bənzər formada idi. Sonra bu gedişi “Alanyaspor” da təkrarladı. Onlar arasında üç yunan da var idi. Onlar da digərləri kimi kamuflyajda çıxdılar. Yunan mətbuatı və sosial şəbəkələr şokda idi: bizim futbolçular başa düşülmür ki, niyə Türkiyə ordusuna dəstək aksiyasında iştirak edir.

- Bəs Rəcəb Tayip Ərdoğanın futbola münasibəti necədir?
- O, futbolu sevir. Adətən avrokuboklara, ya da millinin oyunlarına gedir. Moldova ilə görüşdə ikinci hissəyə, hesab 2:0 olanda gəlmişdi. Amma Andorra ilə matça gələndə gülməli vəziyyət olmuşdu. Darmadağın olacağını gözləyirdilər, yalnız 93-cü dəqiqədə vurub prezidentin gözü önündə rüsvay olmaqdan qurtuldular. Hətta lojanı göstərəndə bütün idman federasiyasını dəhşətdə tər basmışdı.

- “Başakşəhər” prezidentin layihəsidir?
- Ötən mövsümdə mən özüm də belə düşünürdüm və inanırdım ki, “Başakşəhər”i süni şəkildə çempion edəcəklər. Çünki onların lehinə həddən artıq, qeyri-adi hakim səhvləri olurdu. Bu da məni əsəbləşdirirdi. Üstəlik, məndə azarkeş hissi danışırdı. “Başakşəhər”in həmişə “Qalatasaray”a ilişmək imkanı axtaran əvvəlki baş məşqçisini heç sevmirdim. Amma indi yeni baş məşqçidir, Okan Buruk “Qalatasaray”ın əfsanəsidir, mən də onlara daha yaxşı yanaşmağa başlamışam. Amma əlbəttə, xoşuma gəlmir ki, ümumiyyətlə azarkeşsiz olan belə bir süni klub peyda oldu. Çox rəmzidir ki, onlar da pandemiya dövründə tribunalar azarkeşsiz olanda çempion adını qazandı. Onlara baxmağa güclə 2-3 min tamaşaçı gedir, pulsuz bilet alan tələbələr, oyunçuların dostları və qohumları. Onların populyar olmağa, xüsusilə də İstanbulda bunu etməyə heç bir şansı yoxdur. “Başakşəhər”in avrokubok oyunu öncəsi o, bütün klubların azarkeşlərindən çox xahiş edirdi ki, gəlib türk komandasına dəstək olsunlar. Deyirdi ki, heç olmasa “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” forması ilə gəlin, qorxulu bir şey yoxdur. Karantindən sonrakı dövrə futbolda biletləri karton azarkeşlərə satanda, “Başakşəhər”in yalnız bir karton azarkeşi var idi. Klub bununla da özü özünə azarkeşinin olmamasına görə ironiya edirdi. “Başakşəhər”də SMM işçiləri hər imkanda top-klublara ilişirlər. Məsələn, 2017-ci ildə “Qalatasaray” İsveç “Ostersund”una uduzaraq Avropa Liqasından rüsvayçılıqla ayrılanda “Başakşəhər”in tvitter səhifəsində belə yazı var idi: “Bu ağır gecədən sonra “Başakşəhər”ə transfer olunmaq istəyən bütün azarkeşlər üçün qapılarımız açıqdır”. Altında isə “Qalatasaray”dan “Başakşəhər”ə keçən Orelyen Şedjunun şəkli yerləşdirilib.

- İndi özünüz barədə danışaq. Hardan peyda oldunuz?
- Uşaqlıqda futbol oynayır və futbolçu olmağı çox arzulayırdım. Lakin tez başa düşdüm ki, bunun üçün istedadım yoxdur. Üstəlik, bizim Yuxarı Çov qəsəbəsində, hətta qonşu Sıktıvkarda ciddi komanda yox idi. Onda şərhçi olmaq istədim. 12 yaşından oyunları şərh etməyə və kasetlərə yazmağa başladım. 50-yə yaxın yazdım, bütün toy, bayram, ad günlərini sildim. Sonra filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul oldum və qəzetdə, “Rus radiosu”nda çalışmağa başladım. 2010-cu ildə “NTV-Plyus”un saytında şərhçilik müsabiqəsi keçirildiyini gördüm. Müraciət göndərdim və qalib oldum – Şnyakinlə birlikdə keçdik.

- Bir daha: Siktıvkar yaxınlığındakı qəsəbədən olan 20 yaşlı sadə oğlan müraciət göndərib, qalib gəlir, Moskvaya köçür və şərhçi olur? Ciddi? Belə ola bilər ki?
- Mən hətta Moskvaya köçməyi planlaşdırmırdım. Mənə Siktivkarda da yaxşı idi. Amma futbol şərhçisi olmaq xəyalım var idi. Belə alındı ki, müsabiqədə qalib olub “NTV-Plyus”a düşdüm və Moskvaya köçdüm. Amma fikirləşirəm ki, şərhçi işi olmasaydı, ümumiyyətlə heç yerə getməzdim.

- İndi Türkiyə ilə əlaqənizi başa düşmək istəyirəm. Siz azərbaycanlısınız, ananız və atanız da azərbaycanlıdır?
- Bəli. Mən Azərbaycanda anadan olmuşam. Amma orada yaşamamışam. Bir neçə ay sonra köçmüşük. Rus dili əsas dildir, azərbaycanca məişət səviyyəsində bilirəm. Mən Kronştadtda böyümüşəm. Sonradan atamın işlərinə görə Siktıvkar yaxınlığındakı Yuxarı Çov qəsəbəsinə köçdük. Valideynlərim indiyədək orada yaşayır.

- Yuxarı Çov nədir?
- İndi mənim qəsəbəmin mənzərəsini izah edərəm: iki qəbiristanlıq, hərbi hissə, istintaq izolyatoru, zona və məncə tamam.

- Belə çıxır ki, bir binadan qonşu binaya gedirlər?
- Elədir ki, var. Qardaşım konvoy işləyir. Yuxarı Çovdan olan qonşular ya orda oturur, ya onları qoruyur. Bax belə mühit. Amma qəsəbə əladır. Mənim ümumiyyətlə sevimli yerimdir. Mən belə qəribə tipli yerdə böyümüşəm. Həmişə Yuxarı Çova sevinclə gedirəm.

- Komi Respublikasında qış necə olur?
- Mənfi 49 dərəcədə məktəbə, sonra məşqə getməli olursan. Mən qəsəbədə yaşayıb, şəhərdə oxuyurdum. Avtobusla 25 dəqiqəlik yol idi. Amma 2000-ci illərin əvvəlində avtobuslar pis işləyirdi.

- Türk futboluna sevgi necə yarandı?
- Həmin günü yaxşı xatırlayıram. 1999/2000 mövsümündə UEFA kubokunun finalı – “Qalatasaray” – “Arsenal”. Mənim 10 yaşım var idi və qəti əmin idim ki, Türkiyə nə vaxtsa Sovet İttifaqına daxil olub. Başa düşmürdüm ki, niyə bu finalda heç kim “Qalatasaray”a azarkeşlik etmir. Oyundan sonra “Futbol” həftəliyini açıram, orada Avropa çempionatları tarixi. Baxıram ki, seçmə mərhələ oyunu: SSRİ – Türkiyə - 3:0. Heç nə başa düşmürəm. Beləcə bildim ki, Türkiyə heç vaxt SSRİ-nin tərkibində olmayıb. Buna baxmayaraq, “Arsenal” üzərində həmin tarixi qələbəsən sonra “Qalatasaray”a azarkeşlik etməyə və minimal şəkildə Türkiyə futbolunu izləməyə başladım. İnformasiya çox az idi. Amma mən hər yerdə axtarırdım. Bütün jurnallarda, proqramlarda, hər yerdə. Üstəlik, hər yay Azərbaycana gedirdim. Orada türk kanalları və türk komandaların oyunlarına baxmaq imkanı var idi. İndi isə hər turda hardasa 4 matça baxıram (apa).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"