
Siyasətçi Etibar Əliyev Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayevi sərt tənqid edib.
Milli Məclisin sabiq deputatı (2020-2024-cü illər) futbol funksioneri barədə kəskin fikirlərini öz sosial şəbəkə hesabından yazıb.
O, Musayevin bir müddət əvvəl Azərbaycan millisi ilə bağlı mətbuata açıqlamasını qınayıb:
"Azərbaycan Peşəkar Futbol Liqasının keçmiş prezidenti (2008—2022) Ramin Musayev bu yaxınlarda deyib:
"Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!”
Azərbaycan futbolunu yaman günə qoyanlardan biri də bu Ramindir. Rövnəq Abdullayevin qardaşının dostu olduğuna görə uzun illər Futbol sahəsində mühüm vəzifələr tutub. Yalnız varlanmaqla məşğul olublar. Adamın özü İnşaat Mühəndislər İnstitutunu bitirib. Demək bizdə ənənədir: Vəzifədə olanların əksəriyyəti vəzifədən çıxdıqdan sonra destruktiv hərəkətlərini unutdurmaq üçün tənqidçi cildinə girirlər.
Bu gün qeyri/peşəkarlar əksər sahələrdə hegemondurlar..."
XANOĞLAN / SPORTİNFO.AZ