"İmişli" İmişlidə, bəs "Araz" Naxçıvana nə vaxt gedəcək?

"İmişli" İmişlidə, bəs "Araz" Naxçıvana nə vaxt gedəcək?

Bildiyiniz kimi 19 ildən sonra Premyer Liqaya yüksələn "İmişli" doğma yurddan uzaq düşüb.

İmişli Şəhər Stadionunun durumunun pis olması ev oyunlarını orada keçirməyə imkan vermir.

Yeni mövsümdəki ilk iki ev görüşünü "Şamaxı"da keçirən bölgə klubu bundan sonra rəqiblərini Quba Olimpiya Kompleksinin stadionunda qəbul edəcək.

Bir sözlə, komandanın öz evindən uzaq düşməsinin hamıya aşkar olan səbəbləri var.

Amma bu halda belə gərək aid olduğun yeri unutmayasan.

Vaxtaşırı hansısa formada bağlar qurub, varlığını hiss etdirəsən.

Məsələn, "Araz-Naxçıvan" artıq 3 mövsümdü Bakıda məskunlaşıb.

Amma bir dəfə də olsun təmsil olunduğu Naxçıvana ayaq basmayıb.

Hətta səfər üçün ötən sezon bürünc medal qazanmaq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmaq kimi yaxşı səbəblər olsa belə klub başbilənləri Muxtar respublika yolunu tutmayıb.

Nə xoş ki, "İmişli" cəbhəsi fərqli qərar verməklə diqqət çəkib.

Millinin oyunlarına görə yaranmış fasilədən istifadə edən Aran təmsilçisi bütün futbolçu heyəti və rəsmilərlə birgə doğma rayona baş çəkib, görüşlər keçirib.

Komandanın mövcud durumu, gələcək planları barədə yerli camaata məlumat verilib.

Təqdirəlayiq addımdır, bəyənilsin. Belə görüşlərin olması azarkeşlərin doğma komandasına olan sevgisini, bağını möhkəmləndirmiş olur.

Bu cür səfərlər həm də təmsil olunduğun bölgəyə verilən dəyərdir.

Sağ əlləri "Araz-Naxçıvan"ın başına.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti