Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi iki aydan çoxdur davam edir.
Analitiklər, xüsusilə Qərbin strateji təhlilçiləri hazırda RF rəhbərliyinin ümumi planla hərəkət etmədiyini, çox vaxt gündəlik qərarların verildiyini vurğulayırlar.
Belə görünür ki, hər bir halda Ukraynanı bir həftəyə fəth etməyi düşünən Kreml hərbi əməliyyatların bu dərəcədə uzanacağını gözləmirmiş.
Bunu Rusiya Silahlı qüvvələrinin bu günə qədər açıqlanan itkilərindən (məlumat Ukrayna tərəfinə məxsusdur-red.) görmək mümkündür:
Şəxsi heyət - təxminən 24,700 (+200) nəfər
Tanklar - 1092 (+15),
Zirehli döyüş maşınları - 2651 (+41),
Artilleriya sistemləri - 499 (+8),
Reaktiv yaylım atəş sistemi - 169 (+6),
Hava hücumundan müdafiə sistemləri - 83 (+2),
Təyyarə - 196 (+2),
Helikopterlər - 155 (+0),
Avtomobil avadanlığı və tankerləri - 1907 (+40),
Gəmilər/qayıqlar - 10 (+0),
PUA - 312 (+9),
Xüsusi avadanlıq - 38 (+0),
Qanadlı raketlər - 89 (+2)
Hər bir halda görünən odur ki, Rusiya 3-4 gün üçün qarşısına qoyduğu hədəflərin 2 ayda cüzi bir hissəsini qazana bilib. Üstəlik bu “qələbələrin” böyük hissəsi mülki əhalinin yaşadığı yerlərin qəddarca bombalanması, qadın və uşaqların öldürülməsi, evlərin talanması ilə müşayiət olunub.
Tarixdə savaşların təxmin olunduğundan daha gec bir müddətə başa çatmasına nümunə olaraq ABŞ-da vətəndaş müharibəsini göstərmək olar. 1860-cı ildə Abram Linkolnun hakimiyyətə gəlməsinə etiraz edən cənub ştatları Amerika Konfederasiya Ştatları adlı yeni separatçı dövlət qurmuş və nəticədə 2 milyondan çox insanın həyatına başa gələcək ağır savaş başlamışdı. Müharibənin ilk günlərində həm insan resursları, həm də iqtisadi inkişaf baxımından Cənubdan qat-qat üstün olan Şimal (Vaşinqton) hökuməti cəmi bir döyüşə qiyamçı quldarların müqavimətini qıracağına əmin idi. Lakin Virciniya ştatında, Manassas şəhəri yaxınlığında baş verən ilk döyüşdə Şimal ordusu cənublular tərəfindən darmadağın edildi. Rəsmi Vaşinqton prezident Abram Linkolunun bacarığı və təşkilat qabiliyyətçiliyi sayəsində sonradan özünə gəlsə də, müharibə tam 5 il sürdü. ABŞ hökuməti yalnız 1865-ci ilin aprel ayının 9-da cənubluların generalı Robert Lini təslim olmağa məcbur edə bildi.
Doğrudur, tarixdə dövlətlər arasında müharibənin gözlənildiyindən tez başa çatdığı, savaşan tərəflərdən birinin tam məğlub olduğu hallara rast gəlmək mümkündür. II Dünya savaşında faşist Almaniyasının Fransanı cəmi 40 günə əzərək qalib gəlməsini yada salmaq kifayətdir. Lakin eyni Fransa 1-cü Dünya müharibəsində Almaniya ilə sərhəd savaşlarında aldığı ağır məğlubyyətə rəğmən sonradan vəziyyəti düzəltmiş, Marna, Somma və Verden döyüşlərində imperiya ordularının qarşısını mətinliklə ala bilmişdi.
Ümumiyyətlə, istənilən halda savaş və onun aparılması da xüsusi analitik təhlillərə, nəzəri biliklərə ehtiyac duyulan bir sahədir. Fransanın məşhur dövlət xadimi Taleyranın “Müharibə hərbçilərə etibar edilməyəcək dərəcədə ciddi bir işdir” sözünü xatırlamaq kifayətdir. Sonradan bu ibarəni Uinston Çörçill “Generallara etibar edilməyəcək dərəcədə” cümləsi ilə əvəz edəcəkdi. Çörçillin yanğı ilə bu sözləri deməsini başa düşmək olar. 1-ci Dünya müharibəsində Britaniyanın dəniz naziri olmuş məşhur dövlət xadimi ölkəsinin dəniz qüdrətinə həddən artıq güvənmiş və on minlərlə qoşunu daşıyan gəmiləri Türkiyəni fəth etmək üçün yollamışdı. Lakin Çanaqqala boğazı yaxınlığında baş verən döyüşlərdə Böyük Britaniya Avstraliya və Yeni Zelandiya kimi dominionlarından on minlərlə əsgəri cəlb etməsinə rəğmən Osmanlı ordusu tərəfindən geri oturdulmuşdu.
Müharibələrin aparılması ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Məsələn, qədim Çin mütəfəkkiri, hərbi strategiyaya dair məşhur “Müharibə sənəti” traktatının müəllifi Sun Tzının fikrincə, ideal qələbə başqa dövlətlərin hərbi əməliyyatlara girmədən diplomatik yollarla tabe olmasıdır. Ona görə də aktiv diplomatiya aparmaq, düşmən ittifaqlarını məhv etmək və onun strategiyasını pozmaq lazımdır. Sun Tzıya görə, hərbi əməliyyatlar dövlətə itki, xalqa isə fəlakət gətirən bahalı bir işdir. Ona görə də müharibə sürətli, səmərəli və mobil olmalıdır.

Savaşla bağlı ən məşhur nəzəriyyəçilərdən biri də alman sərkərdə, hərb tarixçisi və nəzəriyyəçisi Karl fon Klauzevits sayılır. 130-dan çox savaşı incələyən Klauzevitsin müharibənin aparılması ilə bağlı dedikləri bu gün də qüvvədən düşmür. Klauzebits “kabinet müharibələri” ilə real savaşlar arasındakı fərqi göstərən ilk hərb alimi sayılır. Onun yazdıqları sonradan Almaniyanın Fransa ilə 1870-ci ildə apardığı savaşda birincinin mütləq qələbə qazanmasında böyük rol oynamışdı.
Xüsusilə 1812-ci ildə Napoleonun Rusiyada məğlubiyyətinin səbəblərini araşdıran Klauzevitsə görə, Rusiyanın həmin vaxt Napoleonun 600 minlik ordusu ilə fəth olunması mümkün deyildi. Çünki Rusiya kimi ölkə ancaq öz zəifliyi və daxili çəkişmələri hesabına məğlub oluna bilərdi. Düşmənin zəif nöqtələrinə çatmaq üçün isə onun ürəyinə, yəni mərkəzinə sarsıdıcı zərbələr endirmək lazım idi. Klauzevitsə görə, 1812-ci il kampaniyasının uğursuz olmasında (fransızlar üçün) əsas səbəblərdən biri də Rusiyada çar hökumətinin gözlənildiyindən möhkəm çıxması, xalqın isə ona sadiq və dönməz qalması olub.
Ümumi mənzərədən göründüyü kimi, istənilən savaş təcavüzə məruz qalan dövlətlərin hökumətlərinin müharibəni idarə etmək bacarığı və xalqın bu mücadiləyə şərtsiz dəstək verməsi sayəsində hücum edən üçün fəlakətə çevrilir. Biz bunu bir çox müharibələrdə, o cümlədən Türkiyədə Mustafa Kamal Paşa Atatürkün xarici işğalçılara qarşı apardığı mübarizədə, 2-ci dünya savaşında SSRİ-nin nümunəsində, ABŞ-ın Vyetnamda uğursuz müharibəsində və s. görə bilərik.
Əlbəttə, burada üçüncü faktoru da unutmaq lazım deyil. O da savaşda zəif görünən və təcavüzə məruz qalan tərəfə üçüncü ölkələrdən istər əsgər, istər maliyyə, istər texnika baxımından hərbi yardımların verilməsidir.
Heç kimə sirr deyil ki, SSRİ Qərbdən kifayət qədər dəstək almasaydı, Hitler Almaniyasına qarşı mütləq qələbə qazana bilməzdi.
Analitiklərin gəldiyi ümumi rəyə görə, SSRİ savaşdan öncə hərbi resursların, tank və təyyarələrinin sayına görə Almaniyanı bir neçə dəfə üstələməsinə rəğmən hərbi kadrların hazırlığı baxımından xeyli geri qalıb. Təbii, burada müharibə öncəsində yüksək generalitetin arasında aparılan repressiyaların rolu da böyük olub. Bu səbəbdən SSRİ ordusu savaşın ilk günlərində dəhşətli itkilər verərək geri çəkilib, böyük əraziləri almanlara buraxıb. Bunun bir fakt olduğunu heç ruslar da inkar etmir. Almanların hücumu yalnız milyonlarla insanın, çox vaxt əliyalın düşmənin üzərinə göndərilməsi hesabına dayandırılıb. Təbii burada Stalinin başçılığı ilə Kreml rəhbərliyinin ölkənin bütün resurslarını müharibə üçün səfərbər edə bilmək bacarığını gözdən qaçırmaq olmaz. Bu işin SSRİ tərəfi ilə bağlıdır.

Lakin SSRİ tarix elmi və hətta Rusiyanın indiki rəhbərliyi hər nə qədər qısqanclıqla inkar etsə də o dövrdə müttəfiqlərin yardımı savaşın gedişində həlledici fakta çevrilib. Nəzərə almaq lazımdır ki, Qərb özü 1939-cu ildən Almaniya ilə müharibə aparıb, demək olar ki, bütün alman donanmasını, Almaniya aviasiyasının 50%-ə yaxınını, 1,5 milyona yaxın əsgərini Şərq cəbhəsindən yayındırıb, SSRİ ordusunu ərzaqla təmin edib, onun aviasiyasını benzinlə təmin olunmasına yardım göstərib. ABŞ və İngiltərə SSRİ-yə gəmilər, minlərlə tank, təyyarə, 500 minə yaxın avtomobil, tanklar üçün zireh, təyyarələr üçün alüminium verib. Üstəlik bütün bunların hamısı demək olar ki, pulsuz sovet hökumətinə təslim edilib. Bütün bu illər ərzində Kreml daim Qərb tərəfindən Almaniya ilə bağlı ciddi kəşfiyyat dəstəyi görüb. Milyonluq qüvvə və texnikaların köməyi ilə aparılan hərbi əməliyyatlar zamanında da Qərb Almaniyanın Şərq cəbhəsinə tam konsentrasiya olunmasına imkan verməyib. SSRİ-nin çox öyündüyü məşhur Kursk döyüşündən qabaq müttəfiq ordularının aviasiyasının Almaniyanın Hamburq şəhərini (1943-cü il mayında) xarabalığa çevirməsini yada salmaq kifayətdir. Lakin Rusiyanın müasir rəsmi hərbi tarix elmi nankorluqla bu faktların üzərindən susqunluqla keçir.
ABŞ-ın texnika baxımından üstün olduğu Vyetnam savaşında aldığı ağır yenilmədə xarici faktorun rolu böyük olub. Soyuq müharibənin “isti fazaya” keçdiyi münaqişə ocaqlarından bir sayılan Vyetnam SSRİ və Qərb arasında hərbi-diplomatik mübarizə arenasına çevrilib.
SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin sözlərinə görə, müharibə illərində Vyetnama edilən yardım Sovet İttifaqına gündə 1,5 milyon rubla başa gəlirmiş. Sovet ordusunun zenit-raket komplekslərinin ekipajları hərbi əməliyyatlarda birbaşa iştirak edib. Müharibənin sonuna qədər SSRİ Vyetnamın kommunist hökumətinə 95 “S-75 Desna” hava hücumundan müdafiə sistemlər və onlar üçün 7,5 mindən çox raket verib. Bundan əlavə, müharibə zamanı SSRİ tərəfindən Şimali Vyetnam hökumətinə 687 tank, 316 təyyarə bəxş olunub. Bunlar hələ bilinən rəqəmlərdir. 1965-ci ildən 1975-ci ilə qədər Çin hökuməti də Vyetnama 320.000 nəfərlik heyət (əsasən texniki və mühəndis işlərində iştirak edən) göndərib.. ABŞ-ın Vyetnam müharibəsində 10 min ədəddən çox texnika , 57 min əsgər itirdiyi (yaxın illər ərzində isə ABŞ-ın on minlərlə Vyetnam veteranı intihar edib-red.) nəzərə alında bu köməyin nə dərəcədə böyük olduğunu asanlıqla görmək mümkündür.
İstənilən halda hər nə qədər dəstək və yardım olunursa olunsun savaşda insan faktoru əsasdır. “Javelin”lər dünyanın ən yaxşı tank əleyhinə vasitəsi ola bilər, “Bayraktar”lar dünyada ən dəhşətli hava hücum silahı sayıla bilər. Lakin bütün bunları çalışdıran, düşmənin arxasına keçən, əllərində raket qurğusu ilə düşmən mövqelərinə, tankların olduğu yerə qədər irəliləyən, onun koordinatlarını mərkəzi qərargaha dəqiqliklə verən yenə də insanlardır, yəni vətənləri uğrunda ölməyə hazır olan əsgərlərdir. Əgər Ukrayna rəhbərliyi Rusiyanın ilk sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməsəydi, ordu Rusiya silahlı qüvvələrinə qarşı effektiv şəkildə savaşmasaydı çətin ki, rəsmi Kiyev Qərbdən heç vaxt görmədiyi yardımı alardı...
Kremlin nəzərə almadığı faktorlardan biri də məhz bu olub (musavat.com).

