Azərbaycanın futbol təsərrüfatı dəyişiklik ərəfəsindədir.
Uzun illərdir ki, bu təsərrüfatı monopoliyasında saxlayan adamlar yanlış idarəetmə sistemləri, qeyri-peşəkar qərarları ilə futbolun inkişafını əngəlləyiblər.
İndi bu şəxslər AFFA-dan uzaqlaşdırıldıqca, illərdir kök salan problemlərin həlli istiqamətində addımlar atılacağı siqnalı verilir cəmiyyətə.
Artıq sağlam rəqabəti ciddi şəkildə pozan legioner limiti ilə bağlı müzakirələr başlayıb.
Regionlarda futbolun inkişafı da prioritet hesab olunur. Çempionatda komanda sayı artırılır. “Çox gözəl” deməyə bilmərik. Amma addımlar elə atılmalıdır ki, yağışdan çıxıb yağmura düşməyək.
Bəs Şimal, bəs Cənub, bəs Mərkəzi aran?
AFFA rəhbərliyi “Keşlə”ni Şamaxıya göndərməklə bu təsərrüfatı tərk etdikləri ərəfədə daha bir səhvə yol verdilər. Futbolun bölgələrə yayılması nizamlanmış qaydada, balans qorunaraq, analiz aparılaraq həyata keçirilməlidir. İddia olunur ki, növbəti il Premyer Liqaya gələcək iki komanda Qərb bölgəsinin təmsilçiləri olacaq. Yəni Gəncə və Tovuzun. Bu da o anlama gəlir ki, eyni bölgənin elitada iki təmsilçisi olacaq. Qəbələ və Şamaxının, Gəncə və Tovuzun. Bəs Şimal, bəs Cənub, bəs Mərkəzi aran?
Azərbaycanda futbolun inkişafına bu aspektdən yanaşılacaqsa, problemlər həllini tapmayacaq. Problemlərin köklü həllinə nail olmaq üçün Dövlət Proqramı qəbul edilməlidir. Amma bu Proqramın icrası heç bir halda AFFA-ya, Gənclər və İdman Nazirliyinə tapşırılmamalıdır. Çünki 2005-ci ildə qəbul edilən Dövlət Proqramın icrası bu qurumlara tapşırıldı və nəticədə futbol inkişaf etmək əvəzinə tənəzzülə uğradı.
Mərhələlərdən ibarət Proqram
Dövlət Proqramı qəbul edilərsə, xüsusi komissiya yaradılmalıdır. Proqramın icrası da həmin komissiyaya həvalə edilməlidir. Komissiyanın tərkibində isə Azərbaycan futbolunun spesifik xüsusiyyətlərinə bələd olan, problemləri bilən şəxslər – peşəkarlar olmalıdır.
Proqram mərhələlərdən ibarət olmalıdır. Yəni elmi araşdırma nəticəsində müəyyən edilməlidir: nədən başlayıb, nədə qurtarırıq. Dövlət Proqramının ilk mərhələsi infrastruktur yaradılması ilə başlamalıdır.
İlkin mərhələdə Azərbaycanda futbol ənənəsi olan 10-15 şəhər və rayonda stadionların tikilməsi, uşaq futbolu ilə bağlı infrastrukturun yaradılması prioritet olmalıdır.
Məsələn, birinci etapda – Gəncə, Tovuz, Qazax, Quba, Qusar, Mingəçevir, Şirvan, Sabirabad, Yevlax, Zaqatala, Lənkəran, Masallıda işə başlamaq olar. Bu rayonlarda həm ənənə, həm də futbola böyük maraq var.
Dövlət ilkin dəstəyini göstərsə, yerli sahibkarları da prosesə cəlb etmək olar. Məhz onların vasitəsilə həmin rayonlardakı kəndlərdə uşaq futbolu ilə bağlı infrastruktur yaratmaq mümkündür.
Mübariz Mənsimov havayı aldığını qaytarır və...
Bu rayonların bəzilərində stadionlar var, sadəcə əsaslı təmir işi aparılmalıdır. Məsələn, Yevlax, Mingəçevir, Lənkəran. Bəzi rayonlarda isə infrastruktur tamamilə dağılıb və sıfırdan qurulmalıdır. Buna misal olaraq Masallını göstərmək olar. Vaxtilə bu rayonun stadionu Mübariz Mənsimova, demək olar ki, havayı verilib.
Məqsəd də o olub ki, Mənsimov o stadionun yerində yenisini inşa edəcək və futbol akademiyası açacaq. Amma “Palmali” şefi bu vədini yerinə yetirmədi. Deməli, stadionu rayon əhalisinə geri qaytarmağa borcludur.
Geri qaytarır və infrastruktur dövlətin dəstəyi ilə qurulur. Masallı əhalisinə görə ölkənin ən böyük rayonudur. Əhalinin sıx olduğu, köklü futbol ənənələri olan bu rayonda stadionun olmamağı futbol təsərrüfatının hansı durumda olmasını müəyyənləşdirmək üçün nümunədir.
Vaxtilə komandası SSRİ çempionatının 2-ci divizionunda çıxış edən Mingəçevir şəhərinin də stadionu bərbad durumdadır. Bu şəhərin elitada təmsil olunmamağı da qeyri-peşəkar idarəetmənin fəsadıdır. Gəncədən isə danışmağa dəyməz.
Ölkənin ikinci ən böyük şəhərinin stadionu acınacaqlı vəziyyətdədir. Stadionun təmir ediləcəyi bildirilsə də, hələ də bu işə start verilməyib.
Elitada 16 komanda, güclü birinci və ikinci dəstə
Futbolun populyar olduğu rayonlarda infrastruktur qurulduqdan sonra komanda formalaşdırlmasına başlanılmalıdır. Təbii, bu rayonların hamısının təmsilçiləri elitada iştirak edə bilməzlər. İnfrastruktur yaradıldıqca, komandalar formalaşdıqca, Azərbaycanda güclü birinci və ikinci dəstələr yaranacaq. Rəqabətin olduğu dəstələr.
Beləcə, tədricən çempionatdakı komanda sayı artırılaraq 16-ya yüksəldilmədir. Elitada 16 komandanın olması Azərbaycan üçün məqbuldur. 10-12 şəhər və rayonda infrastruktur qurulduqdan, komandalar formalaşdıqdan sonra isə layihənin ikinci mərhələsi başlamalıdır.
Bu mərhələdə yeni yaradılmış komandalara dövlət dəstəyi nəzərə alınmalı və digər rayonlarda infrastrukturun yaradılması ön planda olmalıdır.
İki mərhələ sistemli şəkildə reallaşdırılsa...
Şərt deyil ki, bütün rayonlarda elitada çıxış edəcək komanda üçün şərait yaradılsın. Yox, bu, vacib deyil, amma əksər rayonlarda uşaq futbolu üçün infrastrukturun qurulması şərtdir.
Uşaq futbolu, ümumilikdə futbol təsərrüfatının bünövrəsidir. Bünövrə olmasa, yaradılan hər bir komanda mövsümi mahnılar kimi keyfiyyətsiz olacaq, bir-iki ildən sonra dağılacaq.
Uşaq futbolunun inkişafı ilə bağlı xüsusi sistemin hazırlanması da vacibdir. Heç bir istedadlı uçsaq it-bata düşməməlidir. İndi Azərbaycan futbolunda durum belədir: futbolla məşğul olan uşaqlar 17 yaşdan sonra tamamilə boşluğa düşürlər.
O mərhələdən sonra onların inkişafını şərtləndirəcək sistem mövcud deyil. Nəticədə, həmin uşaqlar həm peşəkar futboldan kənarda qalır, həm də yaxşı təhsil ala bilmədikləri üçün başqa peşəyə də yiyələnmirlər. Belə durumda isə itirən cəmiyyət olur.
Bu iki mərhələ sistemli şəkildə reallaşdırılsa, futbol Azərbaycanda balanslı şəkildə inkişaf edəcək, populyarlaşacaq. Futbola maraq artdıqca, onun biznesə çevrilməsi də şərtlənəcək.
Biznesə çevriləcək futbol isə tədricən iş adamlarının diqqətini cəlb edəcək. Onlar bu sahəyə gəldikdən sonra isə dövlətin yükü azalacaq. İndi qalır işə başlamaq.
Nədən başlayacağımız da bəllidir. Sadəcə Proqram qəbul edilməli və kadrlar düzgün seçilməlidir. Bax, ən böyük problemimiz də budur. Kadrları düzgün seçə bilməməyimiz. Ya da bunu heç istəməməyimiz.
İstəmiriksə, seçə bilmiriksə, “bizdə futbol olacaq” iddiasından da əl çəkməliyik. Amma adamın həm də o vəsaitə heyfi gəlir. “Futbolun inkişafı” adı altında xərclənən vəsaitə. Heyf...
Xanoğlan İmanov

