Hafiz Məmmədovun Avropadakı milyonları – MARAQLI FAKT

28 Aprel 2022 16:00 Araşdırma 1 078
Hafiz Məmmədovun Avropadakı milyonları – MARAQLI FAKT

Vaxtilə futbola böyük pullar xərcləməklə sevilən idman növündə iz qoymağa çalışan Hafiz Məmmədov bu gün həyatının bəlkə də ən çətin dönəmini yaşayır.

Böyük holdinqin, ölkənin ən üzdə olan banklarından birinin sahibi indi olan-qalanını satıb borclardan qurtulmağa çalışır.

“Hafka”nı ölkə futbol ictimaiyyətinə sevdirən “Bakı”da gördüyü işlər idi.

Lazımsız legioner məşqçi və futbolçulara milyonlar xərclədiyinə görə daim qınaq hədəfində olmasına baxmayaraq, ölkəmizin adının “Lans” və “Atletiko” kimi məşhur klublarla yanaşı səslənməsinin səbəbkarı məhz Məmmədov hesab olunurdu.

Bir də “Bakı”nın Futbol Akademiyası vardı. Böyüklüyü və şəraiti ilə ölkəyə səs salan akademiya.

İndi həmin ərazidə göydələnlər inşa olunur, futbol infrastrukturu yerlə bir edilib. Amma nə olur-olsun, məşhur məsəl qüvvəsini itirmir: İgir ölər, adı qalar.

Bir zamanlar futbolun sirlərinə “Bakı”nın akademiyasında yiyələnən neçə-neçə futbolçu indi Premyer Liqada top qovur.

Aqil Məmmədov, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Vüqar Bəybalayev, Vüqar Mustafayev. Başqa liqalarda oynayan Tural Qürbətovla Elşad Manafovun adını da həmin siyahıya əlavə edə bilərik.

Hafiz Məmmədovun, yəni “Bakı”nın “şah əsəri” ilə Mahir Emreli ilə Namiq Ələsgərovdur.

Hər ikisi ölkənin üzdə olan futbolçularından hesab olunur. Və ən diqqətçəkəni hər ikisinin hazırda ölkə xaricində top qovması, Azərbaycanı layiqincə təmsil etməsidir.

Millinin aparıcı futbolçularının yetişməsində “Bakı”nın akademiyasının birbaşa rolu olub. Daha doğrusu, oradakı məşqçi və mütəxəssislərin.

Hələ Nurlan Novruzovla Nazim Bağırov da var. Onlar da futbolçu xoşbəxtliyini ölkədən kənarda tapmaq qərarına gəlib.

Nurlan xeyli vaxtdır Asiyada – Nepalda top dalınca qaçır, Nazim isə Polşanın 3-cü liqasında nəyə qadir olduğunu göstərir.

İllər öncə “Bakı”da futbolda ilk addımlarını atanlara elə o vaxtdan legioner həyatı yaşamağın vacibliyi aşılanmışdı. Ona görə də vaxt-vədə yetişəndə butslarını əllərinə alıb ölkə hüdudlarını tərk etdilər.

Bu fakt ölkə futbolunda akademiya anlayışının nə demək olduğunu bir daha ortaya qoyur. “Qəbələ”nin Futbol Akademiyası və oradan çıxan futbolçular haqda da xüsusi yazı yazmaq olar.

Fakt budur ki, Hafiz Məmmədovun milyonları (futbolçuları) bu gün dünyanın dörd bir yanına səpələnib.

Tanınmış iş adamı borclarını düşünüb fikrə dalmaq əvəzinə, Xorvatiya, Türkiyə, Polşa kimi ölkələrdə legioner həyatı yaşayan milyonlarına baxıb qürur duymalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti