«Onu bizim ölkədə hələ yaxşı fikirlərlə xatırlayırlar».
Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Qəbələ» və «Səbail»in formasını geyinmiş albaniyalı müdafiəçi Yurgen Qoca deyib.
Son 2 mövsümü ölkəmizdə keçirmiş legioner 2011-2017-ci illərdə Albaniya yığmasını çalışdırmış, 2020-ci ilin yayından isə millimizin sükanı arxasında dayanan Canni De Byazi haqda danışıb.
Qoca bildirib ki, 2016-ci ildə Albaniyanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmış italiyalı kifayət qədər təcrübəli və savadlı kadrdır:
«Onun gördüyü iş çox yaxşı alındı. Altı il ərzində Albaniya millisi üçün əlindən gələni etdi. Mən De Byazinin buradakı fəaliyyətinə şərh vermək istəmirəm.
Çünki komandanın içində olmamışam və nələr baş verməsindən xəbərsizəm. Sadəcə, onu istəyirəm ki, De Byazi Azərbaycanda da uğurlu olsun».

