Coy-Lens Mikels - 11 qol
Davit Volkov - 11 qol
Vadji İbrahima - 10 qol
Filip Ozobiç - 10 qol
Tyaqo Bezerra - 8 qol
Abdullah Zubir - 8 qol
Kadi Borqes - 8 qol
Musa Qurbanlı - 7 qol
İsnik Alimi - 7 qol
Kənardan baxan olsa elə bilər hansısa avrokubok yarışının, ya da xarici çempionatın bombardirlər siyahısıdır.
Əslində, bu, Azərbaycan Premyer Liqasında ən çox qol vuranların ad-soyadıdır.
Ən çox qol vuranın 24 oyunda cəmi 11 dəfə fərqlənməsinin özü böyük bəladır. Çempionat sona yaxınlaşır, bombardirlərin aktivində 8-10, 11 qol var. Bununla işimiz yoxdur.
İşimiz siyahıda azərbaycanlı futbolçuların olmaması, daha doğrusu, siyahının “quyruğunda” yalnız Musa Qurbanlının yer almasıdır.
Ötən mövsümün bu dönəmində Mahir Emreli ilə Namiq Ələsgərov ən yaxşı olmaq uğrunda gərgin mübarizəyə girişmişdi. Onda üzümüz gülürdü, amma indi heç biri Azərbaycanda oynamır.
Bəs, onların əvəzediciləri? Ölkə futbolunun “vuran ayaqlar”ı yalnız Mahirlə Namiqdədir? Başqaları qol vurmağı bacarmır, yoxsa onlara bu şans yaradılmır?
Ölkədə adını bombardirlər siyahısına saldıra biləcək 2-3 azərbaycanlı futbolçu yoxdursa, bu gün biz hansı inkişafdan danışırıq? Hansı üzlə Canni de Byazidən nəticə istəyirik?
Deyək ki, sabah Mahir zədələndi, Namiq də cəzalı duruma düşdü. Onda necə olacaq? Yığmanın hücum xətində kim(lər) yer alacaq?
Ölkədə hücumçu yoxdur? Var axı. Ramil Şeydayev, Rauf Əliyev, Ağabala Ramazanov, Mirabdulla Abbasov, Amil Yunanov, Rüstəm Əhmədzadə, Ülvi İsgəndərov, Kamran Quliyev...
Bu futbolçuların əksəri legionerlərin kölgəsində qalır, ehtiyatda “çürüyür”. Baş məşqçilər əcnəbilərin bacarığına ümid bəsləyir, yerli hücumçular da xaraktersizlik ucbatından batıb gedir.
Yerli forvardların inkişafına və rəqib qapılarının torunu silkələməsinə əcnəbi hücumçuların mane olması fikri ilə qəti razılaşmaq olmaz.
O cür olsaydı, vaxtilə Nurlan Novruzov, Fərid Quliyev, Rauf Əliyev, uzağa getməyək, elə ötən mövsüm Mahirlə Namiq zirvədə dayanmazdı.
Odur ki, günahı özünüzdə - xaraktersizliyinizdə axtarın, cənablar. Ya özünüzə uyğun komanda seçmirsiniz, ya pula görə ehtiyatda oturmaqla barışırsınız, ya da məşqlərdə xarakter göstərə bilmirsiniz.
Səbəbi başqa yerdə, başqa adamda axtarmağa gərək yoxdur. Volkovun, Mikelsin, Vadjinin adından söz etdirməsinin səbəbi sizin öz adınızı uca tuta bilməməyinizdir.
HƏBİB / SPORTİNFO.AZ

