Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.
Çempionatın həlledici mərhələsinə “ayaq basan” komandaların duellərinin hansı hesablarla bitəcəyi maraq doğurmağa bilməz.
Lakin heç də bütün futbolçular mübarizənin həyəcanını meydanda hiss edə bilməyəcək.
Vərəqə cəzalıları oyunları kənardan izləməyə məhkum olduğu halda, 3 “sarı”sı olanlar növbəti görüşdə iştirak etmək üçün ehtiyatı əldən verməməlidir.
Hər nə qədər qəribə görünsə də, 23-cü turda cəmi 2 futbolçu komandasına kömək edə bilməyəcək.
Bunlar “Qəbələ”dən Rafael Utziqlə “Sumqayıt”dan Dmitri Nağıyevdir. Elmar Baxşıyev isə “Sumqayıt”la oyundakı intizamsızlığına görə texniki zonaya buraxılmayacaq.
Əvəzində 36 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda oyun qaydalarına əməl etməyib 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu dəfə ehtiyatlı davranmalı olacaq.
3 “sarı”sı olanların siyahısını təqdim edirik:
Murad Musayev, Rüfət Əhmədov, Stefan Vukçeviç, Emil Səfərov, Nicat Mehbalıyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Emin Mahmudov, Azər Əliyev, Tyaqo Bezerra, Mamadu Mboc (hər ikisi “Neftçi”), Aldair Neto, Merab Qiqauri, Turan Vəlizadə, İlkin Qırtımov, Şəhriyar Əliyev, Stanislav Namaşko, Pərviz Azadov (hamısı “Şamaxı”), Cəlal Hüseynov, Coşqun Diniyev, Ağabala Ramazanov, Dmitrios Çantakias, Davit Volkov, Mohamed Hamdaui, Sərkan Taşkın, Loris Bronyo (hamısı “Zirə”), Ceyhun Nuriyev, Mixail Erqemlidze (hər ikisi “Sabah”), Rauf Əliyev, Domantas Şimkus, Yurgen Qoxa, Adil Nağıyev, Məhəmməd Mirzəbəyov, Tural Bayramlı (hamısı “Səbail”), Qara Qarayev, Kadi Borges (hər ikisi “Qarabağ”), Höccət Haqverdi (Sumqayıt).
HƏBİB / SPORTİNFO.AZ

