Bolqarıstan çempionatında sona 4 tur qalmış birinciliyi təmin edən “Ludoqorets” ardıcıl 11-ci dəfə ölkə çempionluğuna yiyələnib.
Sportinfo.az xəbər verir ki, komanda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun (2006-2016) göstəricisini təkrarlayıb.
“Ludoqorets” bununla ardıcıl ən çox ölkə çempionu olan komandaların sıralamasında 4-cü pilləyə yüksəlib. Bu baxımdan rekord “Skonto” və “Lonkoln”a məxsusdur.
Latviya və Cəbəllütariq təmsilçiləri ardıcıl 14 dəfə qızıl medalları heç kimə verməyib. Üçüncü pillədəki “Rusenborq”da (Norveç) bu say 13-dür.
Adıçəkilən klubların seriyaları qırıldığından, “Ludoqorets”in Avropa rekordunu təkrarlamaq və yeniləmək şansı davam edir.
Seriyası davam edənlərdən “Bavariya” ardıcıl 10-cu, “Zalsburq” 9-cu dəfə ölkə çempionluğuna yaxındır.
Azərbaycanda isə rekordçu “Qarabağ”dır. 2014-2020-ci illərdə üst-üstə 7 dəfə Premyer Liqada mövsümü zirvədə tamamlayan Ağdam klubunun seriyasını ötən mövsüm “Neftçi” qırıb.

